2009-cu ildə buraxılan “Avatar” filmi 2.7 milyard ABŞ dolları məbləğində olan gəliri ilə uzun müddət ən yüksək gəlirli film olaraq qalırdı. Bu vəziyyəti öz xeyrinə yalnız 10 il sonra 2 797 800 564 ABŞ dolları gəlir əldə etməyi bacaran Marvel studiyasının “Qisasçılar: Final” (Avangers: Endgame ing.) filmi dəyişə bilmişdi.

Çin kinoteatrlarında təkrar yayıma buraxılan Ceyms Kameronun “Avatar” filmi cəmi bir gün ərzində təxminən 9 milyon ABŞ dolları gəlir toplayaraq, yenidən “dünyanın ən yüksək gəlirli filmi” statusunu özünə geri qaytardı. Hazırda “Avatar” filminin ümumi gəliri 2 798 579 794 ABŞ dolları təşkil edir.

Qeyd edək ki, dünya kinemotoqrafiya tarixinin ən gəlirli filmləri sırasında ardıcıllıqla birinci və ikinci yerləri bölüşən “Avatar” və “Qisasçılar: Final” filmlərinə olan hüquqlar Disney şirkətinə məxsusdur.
Disney “Avatar” filminə olan hüquqları 2019-cu ildə, keçmiş 20th Century Fox (indiki 20th Century) şirkətini özünə birləşdirdikdən sonra əldə edib.