Çində yetkinlik yaşına çatmayanlar onlayn oyunlara yalnız həftənin cümə, şənbə və bazar günləri daxil ola biləcəklər.
Bloomberg saytının verdiyi məlumata görə Çinin yerli nəşrlərinin son zamanlar oyun sənayəsini güclü tənqid etməsi oyun sahəsində qadağalara gətirib çıxarır. Bu sahədə dövlət nəzarəti gücləndiriləcək və qaydalar daha da sərtləşdiriləcək. Artıq yetkinlik yaşına çatmayan şəxslər onlayn oyunlarda həftə ərzində 3 saatdan artıq oynaya bilməyəcəklər. Qadağa həftənin günlərinə və günün saatlarına da şamil olunacaq. Belə ki, yetkinlik yaşına çatmayanlar yalnız həftənin cümə, şənbə və bazar günləri saat 20:00-dan 21:00-dək onlayn oyunlara daxil ola biləcəklər. Buradan isə belə nəticəyə gəlmək olar ki, onlar gündə bir saat oynamaqla kifayətlənməli olacaqlar.
Bəzi yerli mənbələrin verdiyi məlumata görə Çində gənc əhalinin, əsasən də uşaqların oyunlarda həddən artıq vaxt keçirməsi onları inkişafdan saxlayır və güclü asılılıq yaradır.
Çin hakimiyyəti əvvəllər də problemin qarşısının alınması məqsədilə müəyyən məhdudiyyətlər tətbiq etmişdi. 2019-cu ildə ölkədə qüvvəyə minmiş qanunla yetkinlik yaşına çatmayan şəxslərin gün ərzində oyunda 1.5 saatdan artıq vaxt keçirməsi qadağan olunurdu.
Görünür, bugünədək qüvvədə olan qanun kifayət qədər özünü doğrultmadığından Çin çıxış yolunu bu qaydaları daha da sərtləşdirməkdə görür.
Artıq indidən Çində oyun sənayesinin Tencent və NetEase kimi nəhənglərinə tətbiq olunan qadağa və məhdudiyyətlərdən xeyli ziyan dəyəcəyi proqnozlaşdırılır. Sözsüz ki, bu da öz növbəsində investorları gələcək investisiyalardan çəkindirə bilər.