18 fevralda yeni Mortal Kombat filminin treyleri təqdim olundu
Yeni “Mortal Kombat” filmi Warner Bros. Pictures distribütorluğu ilə New Line Cinema və Atomic Monster Productions film şirkətləri tərəfindən ərsəyə gətirilir. Filmin 16 aprel 2021-ci il tarixində HBO Max və kinoteatrlarda yayımlanacağı gözlənilir.
Artıq hər kəsə məlumdur ki, yeni “Mortal Kombat” filminin əvvəllər ölümcül döyüş haqda çəkilmiş film və seriallarla heç bir əlaqəsi yoxdur. Biz bu film haqqında daha əvvəllər saytımızda məqalələr (1-ci keçid, 2-ci keçid) yazmışdıq. Yazdığımız məqalələrdə o dövr üçün verilən bir çox informasiya bu gün reallıqda öz əksini tapıb.
Rəsmi məlumata əsasən Mortal Kombat (2021) 1995-ci il tarixində buraxılmış eyniadlı filmin yenidən buraxılışdır (reboot – ing.).

Filmin ilk treyleri izləyicilərdə müəyyən təsəvvür formalaşdırmağı bacardı. Sözsüz ki, hər kəs razı qalmasa da (həmişə olduğu kimi) böyük əksəriyyətin filmin kifayət qədər keyfiyyətli çəkildiyi fikrindədir. Biz aşağıda bu barədə öz fikrimizi də bildirəcəyik.
Gəlin yeni “Mortal Kombat” filminin treylerini birlikdə izləyək:
Yeni Mortal Kombat filmi kanonlarla uzlaşırmı?
Əslində, bu sualı cavablandırmaq bir qədər çətindir. Film ekranlara buraxıldıqdan sonra, çox güman ki, bu məsələyə aydınlıq gətirmək daha asan olacaq. Lakin, treylerdə və ümumiyyətlə film haqqında məlum olan məlumatlar çərçivəsində diqqəti cəlb edən bəzi məqamlar var.
Yeni “Mortal Kombat” filminin Ed Bun və Con Tobiasın əsasını qoyduğu “Mortal Kombat” franşizasına əsaslandığı qeyd olunur. Bu seriyadan cizgi filmləri, seriallar və filmlər mövcud olsa belə, “Mortal Kombat”-ın hər şeydən əvvəl bir oyun olduğunu xüsusilə vurğulamaq lazımdır. Bu məqamları nəzərə alsaq kanonların əsasən məhz oyunda yaranması qənaətinə gəlmək olar. “Mortal Kombat” seriyasından olan oyunların bir neçə dəfə yenidən buraxılışa məruz qaldığını da yuxarıda qeyd olunan fikirlərə əlavə etsək “Mortal Kombat” dünyasındakı kanon anlayışının bir qədər bulanıq olduğunu deyə bilərik. Odur ki, filmin ilk treylerlə təqdimatını qənaətbəxş hesab etmək olar.
İlk treylerdə təqdim olunan personajlar
(Məqalədə “Mortal Kombat” personajlarının ingilis dilində olan adlarından istifadə olunacaq)
Treylerin elə ilk saniyələrində Ceks və Sab-Ziro personajları, sonradan isə yeni Koul Yanq personajı (deyilənə görə filmin baş qəhrəmanıdır), Sonya, Milina, Rayden, Şenq Tsunq, Skorpion, Kano, Lui Kenq, Kunq Lao, Reptayl, Qoro personajları, bir anlıq Kitananın yelpiyi və Şao Kanın heykəli görüntülənir. Bəzi personajları isə treylerdə yer alsalar belə, onları müəyyən edə bilmədik. Bu barədə hər hansı məlumatınız varsa, şərh bölməsində fikrinizi bildirə bilərsiniz.
Bizdə yaranan ilk təəssüratlar
Yeni “Mortal Kombat” filminin treyleri çoxlarında olduğu kimi bizə də nostalji hisslər yaşatdı. Ən əsası da, treyler ilk əvvəl yeni bir musiqi ilə başlasa da, sonradan 1995-ci ildəki filmin musiqisindən oxşar sədaları eşitmək ayrıca bir zövq hissi idi.
Aktyorların hər birinin öz rollarını necə canlandıracağı, filmin ümumilikdə necə olacağı barədə bu mərhələdə qərar vermək qeyri-mümkündür. O ki qaldı aktyor seçiminə, düşünürük ki, aktyorlar öz rollarında təsəvvürdə canlanan kanonlara bənzəyirlər.
İndi isə keçək əsas və ən çox müzakirələrə səbəb olan məsələyə. Hazırda filmin çəkilişinin keyfiyyəti barədə fikirlər mənfi və müsbət olaraq iki istiqamətdə inkişaf edir. Biz düşünürük ki, bu məsələyə də treylerdən qərar vermək hələ tezdir. Əgər sırf yeni “Mortal Kombat” filminin treylerinə əsaslansaq, bəli, keyfiyyət məsələsi bir qədər şübhə doğurur. Treylerdəki effektlər bəzi səhnələrdə çiy, personajların özünəməxsus geyimləri isə süni və ucuz görsənir. Lakin istisna deyil ki, bu məqamlar filmin premyerasınadək aradan qaldırılsın. Hər bir halda bu neçə illər ərzində səbirsizliklə gözlədiyimiz Ölümcül Döyüş geri dönür və bu tarixi anı qaçırmaq olmaz! Ümid edirik ki, aprel ayınadək Azərbaycanda kinoteatrların fəaliyyəti bərpa olunar.