Ebb Software tərəfindən ərsəyə gətirilən “Scorn” 2022-ci ilin oktyabr ayında PC və Xbox Series X|S platformaları üçün buraxılacaq
“Scorn” oyununun 2014-cü ildə anons olunmasına baxmayaraq, ötən 8 il ərzində yaradıcı studiya oyunun buraxılış mərhələsinə hələ də yaxınlaşa bilməyib. Oyun birinci şəxs perspektivli şuter (first-person shooter ing.) və qorxu (survival horror ing.) janrlarındadır. Oyunun ilk görüntüləri təqdim olunan zaman dəhşətli və bir o qədər də düşünülmüş oyun dünyası bir çoxlarını öz əsrarəngizliyi ilə valeh etmişdi. Lakin oyun sənayesinin günü-gündən inkişaf etdiyi bir dövrdə bəziləri bu layihəni tamamilə unutmuşdu.
Bu ilin noyabr ayında Ebb Software “Scorn” oyununun tam hazır olmadığı üçün onun buraxılışını başqa tarixə təyin etmişdi. Öz növbəsində oyunu 8 ildir ki gözləyən oyunçular isə studiyanın bu addımına xeyli qəzəblənmişdi. Bu heç də təsadüfi deyil. Oyun ilk dəfə 2016-cı ildə – anons olunduğu tarixdən iki il sonra rəsmi təqdim olunmuşdu. 2017-ci ildə studiya kifayət qədər vəsait əldə etdikdən sonra oyununun buraxılışı 2018-ci ilə təyin olundu. Lakin bu sadəcə bir tarix olaraq qaldı. Oyunçuları qəzəbləndirən də studiyanın öz layihəsinə etinasız yanaşmasıdır.

Nəhayət bir neçə gün əvvəl keçirilən “The Game Awards 2021” şousunda oyunun növbəti buraxılış tarixi elan olundu. Ebb Software təqdim etdiyi qısa videoçarxda “Scorn”un 2022-ci ilin oktyabr ayında buraxılacağı barədə məlumat verib.
Bəs “Scorn” oyunu nədən bəhs edir? Yaradıcı studiya nə üçün məhz belə bir oyun yaratmaq qərarına gəlib? Bu sualların cavabını isə aşağıdakı mətndə tapacaqsınız.
“Scorn” oyununu yaratmaq ideyası ilk dəfə 2013-cü ildə serbiyalı Lyubomir Peklar tərəfindən düşünülüb. Məhz bu oyunun ərsəyə gətirilməsi üçün, o, öz tərəfdaşları ilə birgə Ebb Software studiyasının əsası qoyub.
“Scorn” oyun dünyası sanki canlı bir orqanizmdir. Burada demək olar ki, hər şey sümük, ət və qandan ibarətdir. İnsan şüurunda başqa bir məkana keçmək üçün sadə bir vasitə kimi təcəssüm oluna bilən qapı və ya hər hansı bir məkanın sərhədlərini müəyyən edən divarlar belə bu oyunda sanki nəfəs alır və tərpənir. Belə bir yanaşma oyun dünyasını dəhşətli etməklə yanaşı, ona bir növ qəlb bəxş edir.
Qeyd olunan xüsusiyyətlərlə yanaşı, oyunda həm də tapmaca elementləri mövcuddur. Bu element oyun prosesi ilə uzlaşdırıb. Belə ki, oyunda bir-biri ilə sıx əlaqəli olan bir neçə məkan və bir neçə əsas personaj mövcuddur. Oyun prosesi zamanı oyunçu diqqətli olmalı və vacib məqamları ötürməməlidir.
Lyubomir Pekların sözlərinə görə oyun dünyasının yaradılmasında, o, rəssamlar Hans Giger və Zdislav Beksinskinin əsərlərindən, rejissorlar Devid Kronenberq, Dario Ardjento, Devid Linç, Con Karpenter və Alexandro Hodorovskinin filmlərindən, eləcə də Frans Kafka, Alber Kamü və Lavkraft kimi yazıçıların kitablarından bəhrələnib.