“Ədalət Liqası” filmində bir qrup DC komikslərinin superqəhrəmanları bir araya gələrək Darksayda (Darkseid ing.) tabe olan Steppenvulfa (Steppenwolf ing.) qarşı mübarizə aparırlar. Yenicə yaranmış ədalət liqası Steppenvulfa ana kubları birləşdirməkdə mane olmaqla Yer Kürəsini yadplanetli təhlükədən qorumalıdır.
18 mart tarixindən etibarən müxtəlif strim servislər və ya onlayn kinoteatrlarda yayımlanan “Zak Snayderin Ədalət Liqası” filmini biz “KinoPoisk HD” servisindən izlədik. Rejissor Zak Snayderin müəllif versiyası olan “Ədalət Liqası” filmi, 2017-ci il tarixində buraxılan eyniadlı filmdən bir çox məqamlarda fərqlənir.

Filmdə olan yeni səhnələrin miqyası və sayı barədə sizdə təsəvvür yaratmaq üçün onların xronometrajını müqayisə etmək belə kifayət edər. Belə ki, Coss Uidonun rejissoru olduğu “Ədalət Liqası” 120 dəqiqəlik xronometraja malik olduğu halda, “Zak Snayderin Ədalət Liqası” 242 dəqiqə müddətində davam edir. İndi isə gəlin, filmin mənfi və müsbət cəhətlərini analiz etməyə çalışaq.

Müsbət cəhətləri
“Zak Snayderin Ədalət Liqası” yeni səhnələrlə zəngindir. Əgər siz 2017-ci il “Ədalət Liqası” filmini izləmisinizsə, məzmun və sonluğun ümumilikdə oxşar olmasına baxmayaraq kifayət qədər yeni təəssüratlar ala biləcəksiniz. Əgər bu iki filmi bir-birilə müqayisə etsək əvvəlki, “Zak Snayderin Ədalət Liqası” üçün sanki bir treylerə bənzəyər. Nisbətən dolğun süjet, superqəhrəmanların hər biri üçün ayrılmış vaxt, yüksək qrafik effektli döyüş səhnələri və cərəyan edən hadisələrin bir-birini axıcı əvəzləməsi filmdə bir tamlıq yaradır.
Mənfi cəhətləri
Filmin yeni səhnələrlə zəngin olmasına baxmayaraq, bəzən lazımsız və sıxıcı səhnələrə, dialoqlara da rast gəlmək olar. Belə olduğu halda onsuz da uzun davam edən 242 dəqiqəlik film daha da uzun və yorucu təsir bağışlayır.
“Zak Snayderin Ədalət Liqası” hər kəs üçün deyil. Əgər 2017-ci ilin “Ədalət Liqası”nı hər kəs “sadəcə fantastika janrında olan film” deyə izləyə bilərdisə, düşünürəm ki, bu filmi izləmək üçün DC komiksləri həvəskarı olmaq arzuolunandır. Əks təqdirdə film artıq yarısında sizi bezdirə bilər. Buna səbəb əvvəlki filmdə olduğu kimi əsas və ən maraqlı səhnələrin 4 saatlıq filmin son 1 saatında cərəyan etməsidir. Filmin süjeti dolğun olsa belə çox sadə və səthidir. Superqəhrəman filminin dərin fəlsəfəyə malik olan psixoloji dram olacağını heç gözləmirdik belə. Sadəcə olaraq süjetin səthiliyi ilə filmdə mövcud olan qaranlıq abu-hava bir-biri ilə uzlaşmır. Bu da öz növbəsində dissonansa səbəb olur
Ümumilikdə, “Zak Snayderin Ədalət Liqası”da mövcud olan mənfi və müsbət cəhətlər tam bərabərlik təşkil edir. Odur ki, bu film nə yaxşı, nə də pisdir – tam ortadır.