EA rəsmi saytında verdiyi məlumata görə mobil platformalar üçün buraxılacaq Apex Legends Mobile mərhələli beta-testdən keçəcək
“Apex Legends”in direktoru Çed Qrenier artıq bu ay ərzində “Apex Legends Mobile” oyununun regional beta-testinin başlanacağını bildirib. Oyunun ilkin beta-test mərhələsi Hindistan və Filippin dövlətlərini əhatə edəcək və yalnız Android əməliyyat sistemli mobil cihazlar üçün nəzərdə tutulub. Daha sonra il ərzində mobil oyun mərhələli qaydada digər regionları və iOS əməliyyat sistemli mobil cihazları da dəstəkləyəcək.

Oyunun idarəetmə sistemi sadələşdirilməklə mobil platformalar üçün optimallaşdırılacaq. Bütün bunlara baxmayaraq, oyun “Apex Legends” xüsusiyyətlərini qoruyub saxlayacaq. Direktorun sözlərinə görə “Apex Legends Mobile” oyunu mobil platformalar üçün ən təkmil “battle royale” ola bilər.
Oyunun ərsəyə gətirilməsində “Apex Legends”in yaradıcı studiyası Respawn yaxından iştirak edir.
“Apex Legends Mobile” oyunu PC və konsollar üçün olan versiyalarda olduğu kimi pulsuz olacaq. Oyundaxili ödənişlərlə isə (donate ing.) oyun zamanı digər oyunçular üzərində üstünlük əldə etmək mümkün deyil.
Qeyd edək ki, oyun kross-platforminqi dəstəkləmir.