Battlefield 2042 oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley treyleri və PC üçün sistem tələbləri
- Buraxılış tarixi: 19.11.2021
- Platformalar: PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S
- Yaradıcı: DICE
- İstehsalçı: Electronic Arts
“Battlefield 2042” birinci şəxs perspektivli şuter janrındadır və “Battlefield” oyun seriyasına daxildir. Oyun Frostbite mühərrikində ərsəyə gətirilib. Seriyanın əvvəlki hissələrindən fərqli olaraq oyun yalnız çox nəfərlik rejimi dəstəkləyir. Həmçinin, oyun bütün platformalar arasında tam krosspley funksiyasını dəstəkləyir.
Adından bəlli olduğu kimi “Battlefield 2042″də hadisələr yaxın gələcəkdə – 2042-ci ildə cərəyan edir. Oyunda kəşf olunmuş silahların təkmilləşdirilmiş versiyaları ilə yanaşı, çoxfunksiyalı dronlar və yeni nəsil qırıcı təyyarələr kimi tamamilə yeni hərbi döyüş texnikası da mövcuddur.

“Battlefield 2042” yalnız çox nəfərlik rejim üçün nəzərdə tutulsa da, oyunda botlara qarşı olan formal tək nəfərlik rejim də mövcuddur. Çox nəfərlik rejim üçün ərsəyə gətirilən oyun xəritələri seriyada ən genişmiqyaslı döyüşlər üçün nəzərdə tutulub. Belə ki, PC də daxil olmaqla, yeni nəsil PlayStation və Xbox platformalarında eyni anda 128 nəfərədək oyunçu çox nəfərlik rejimdə iştirak edə bilər. PlayStation 4 və Xbox One konsollarında isə maksimum oyunçu sayı 64 nəfər təşkil edir.
Oyunda ümumi 3 çox nəfərlik rejim mövcuddur. Buraya 128 nəfərədək oyunçunun iştirak edə biləcəyi ən genişmiqyaslı döyüşləri ehtiva edən “All-Out Warfare”, kooperativ “Hazard zone” və özündə seriyanın 6 klassik xəritəsini ehtiva edən “Portal” rejimləri daxildir.
“Portal” rejimi özündə eyni anda seriyanın “Battlefield 1942”, “Bad Company 2”, “Battlefield 3” və, əlbəttə ki, “Battlefield 2042” oyunlarının məzmunu cəmləşdirir.
Yuxarıda qeyd etdiyimiz kimi, süjet kampaniyasının olmamasına baxmayaraq, “Battlefield 2042” müəyyən uydurulmuş hekayəyə əsaslanır. Yaradıcı studiyanın sözlərinə görə gələcəkdə yeniləmələr vasitəsilə əlavə olunan məzmunla oyun hekayəsinin mahiyyəti daha da genişləndiriləcək.
Süjetə görə
İqlim dəyişikliyi və Avropa Şurasının dağılması nəticəsində yaranan qlobal krizis Yer Kürəsi ətrafında dövr edən peyklərin 70%-nin qəzaya uğrayaraq yerə düşməsi ilə pik həddə çatır. Daimi resurs çatışmazlığı və dünya miqyasında elektrik enerjisinin kəsilməsi ilə ABŞ və Rusiya Federasiyası arasında olan münasibətləri kəskinləşir. Nəticədə 2042-ci ildə bu dövlətlər arasında müharibə başlayır.
Battlefield 2042 oyununun qeympley treylerini təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 6600K / AMD Ryzen™ 5 3600
• GPU: NVIDIA®GeForce® GTX 1050Ti / AMD Radeon RX 560
• RAM: 8 GB
• DirectX: 12
• Diskdə boş yer: 100 GB
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 4790 / AMD Ryzen™ 7 2700X
• GPU: NVIDIA®GeForce® RTX 3060 / AMD Radeon RX 6600 XT
• RAM: 16 GB
• DirectX: 12
• Diskdə boş yer: 100 GB