Buraxılış tarixi: 25.05.2021
Platformalar: PC, PS4, Xbox One
Yaradıcı: Experiment 101
İstehsalçı: THQ Nordic
“Biomutant” əvvəllər “Avalanche Studios”da çalışan bir neçə şəxsin birgə yaratdığı “Experiment 101” yaradıcı şirkəti tərəfindən Unreal Engine 4 oyun mühərrikində ərsəyə gətirilib. İlk dəfə 2018-ci il tarixində “gamescom” sərgisində anons olunsa da müxtəlif səbəblərdən buraxılış tarixi bir neçə dəfə dəyişdirilmişdir.
“Biomutant” üçüncü şəxs perspektivli, təknəfərlik ekşen rol oyunu (action RPG ing.) janrındadır. Oyun açıq dünyaya malikdir və rol oyunu janrının elementləri ilə zəngindir. Belə ki, oyunda ixtisas seçimi, kraft və bacarıqların təkmilləşdirilməsi sistemi mövcuddur. Bunlarla yanaşı əsas personaj mutasiyaya uğramış heyvan olduğundan onun cinsini də təyin etmək mümkündür. Bu barədə daha ətraflı məlumat almaq üçün saytımızdakı digər məqaləyə keçid edə bilərsiniz.
“Biomutant”da süjet çoxşaxəlidir. Bu isə o deməkdir ki, oyun zamanı edilən bəzi seçimlər süjet kampaniyasında həlledici rol oynayır və sonluğu dəyişə bilər.
Süjetə görə
Oyunda hadisələr təbii fəlakətlərə və kataklizmlərə məruz qalmış postapokaliptik dünyada cərəyan edir. Baş qəhrəman yenota bənzəyən mutasiyaya uğramış məxluqdur. Yer səthinin altından çıxan zəhərli yağ Həyat Ağacını tədricən kökündən məhv etdiyi üçün dünyada canlıların mövcudluğu təhlükə altındadır. Bu təhlükənin qarşısını almaq üçün baş qəhrəman Həyat Ağacının beş kökünün hər birinə ayrı-ayrılıqda səyahət edərək onu məhv olmaqdan xilas etməlidir.
Bir neçə iqlimi özündə birləşdirən geniş oyun xəritəsində oyunçuları digər heyvan-mutantlarla və digər məxluqlarla mübarizə gözləyir. Bu mübarizədə oyunçular fərqli silah növləri ilə yanaşı müxtəlif şərq döyüş növlərindən yararlana bilərlər.
Biomutant oyununun qeympley videosunu təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 4690K / AMD FX-8350
• GPU: Nvidia GeForce GTX 960 / AMD Radeon™ R9 380
• RAM: 8 GB
• DircetX: 11
• Diskdə boş yer: 25 GB
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 6700K / AMD Ryzen 5 1600
• GPU: Nvidia GeForce GTX 1660Ti / AMD Radeon™ RX 590
• RAM: 16 GB
• DirectX: 11
• Diskdə boş yer: 25 GB