Oyunlar

Call of Duty: Vanguard

Call of Duty: Vanguard oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley videosu və PC üçün sistem tələbləri

  • Buraxılış tarixi05.11.2021
  • PlatformalarPC, PS4 / PS5, Xbox One / Xbox Series X|S
  • YaradıcıSledgehammer Games
  • İstehsalçı: Activision

Məşhur “Call of Duty” seriyasının növbəti – 18-ci hissəsi olan “Call of Duty: Vanguard” da seriyanın digər hissələri kimi birinci şəxs perspektivli şuter (first-person shooter ing.) janrındadır. Oyun IW 8.0 mühərrikində ərsəyə gətirilib. Həm tək nəfərlik, həm də çox nəfərlik oyun rejimlərini dəstəkləyir. Tək nəfərlik oyun rejimi süjet kampaniyasını, çox nəfərlik oyun rejimi isə əsasən komanda qarşılaşmalarını ehtiva edir. Oyun həmçinin seriyanın klassik zombi rejimini də dəstəkləyir və əvvəlki iki oyun (Call of Duty: Modern Warfare (2019), Call of Duty: Black Ops Cold War) kimi “Warzone” oyununa inteqrasiya olunub.

“Call of Duty: Vanguard” PC, PlayStationXbox platformaları arasında tam krosspleyi dəstəkləyir. Bu funksiyanı aktivləşdirməklə sadalanan platformaların oyunçuları çox nəfərlik rejimlərdə bir-birilə maneəsiz oynaya bilərlər. Əlbəttə ki, krosspley funksiyasını istənilən zaman deaktiv etmək mümkündür.

“Call of Duty” oyun seriyasının bir hissəsi olmasına baxmayaraq “Vanguard” müstəqil süjet xəttinə malikdir. Oyun sənayesi tarixində ilk dəfə olaraq bu oyunda İkinci Dünya müharibəsindəki döyüş sənhələri fərqli cəbhələrdən işıqlandırılacaq.

Oyunun çox nəfərlik rejimində çoxsaylı ixtisas seçimi olsa da, formal xarakter daşıyır. Bütün ixtisasları istənilən qaydada dəyişmək mümkündür. Ümumiyyətlə oyun qeympleyinin bir çox xüsusiyyətləri 2019-cu ildə buraxılan “Call of Duty: Modern Warfare” oyununu xatırladır.

“Call of Duty: Vanguard”da oyunçuları XX əsrin ortalarınadək istehsal olunan odlu silahlar və döyüş texnikası gözləyir.

Hadisələr İkinci Dünya müharibəsinin 4 fərqli cəbhəsində cərəyan edir. Baş qəhrəmanlar şərq, qərb, Şimali Afrika və Sakit okean cəbhələri olmaqla müxtəlif istiqamətlərdə döyüşlərdə iştirak edən personajlardır. Belə ki, Şimali Afrika cəbhəsi döyüşlərində Böyük Britaniya ordusundan Lukas Riqqs, qərb cəbhəsi döyüşlərində Böyük Britaniya ordusundan Artur Kinqsli, Sakit okean cəbhəsi döyüşlərində ABŞ ordusundan Veyd Cekson və şərq cəbhəsi döyüşlərində SSRİ-nin qırmızı ordusundan Polina Petrova personajları iştirak edirlər. Baş qəhrəmanlar tam məxfi əməliyyat çərçivəsində üçüncü reyxin çökməsindən sonra dördüncü reyxi yaradaraq nasist Almaniyasını bərpa etməyə çalışan Henrix Frayzinqeri məhv etməlidirlər. Buna nail olmaq üçün isə onlar ilk əvvəl əsir düşməlidirlər.

Oyunda zombi rejim “Treyarch” studiyası tərəfindən ərsəyə gətirilib. Rejimin hekayəsinə görə müharibədə məğlub olduqlarını anlayan nasistlər döyüş meydanına zombiləri buraxırlar.

“Call of Duty: Vanguard” – zombi oyun rejiminin treyleri

“Call of Duty: Vanguard” oyununun qeympley videosunu təqdim edirik:


PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 2500K / AMD Ryzen™ 5 1600X
• GPU: NVIDIA®GeForce® GTX 960 / GTX 1050Ti / AMD Radeon R9 380
• RAM: 8 GB
• DirectX: 12
• Diskdə boş yer: 45 GB

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 4770 / AMD Ryzen™ 7 1800X
• GPU: NVIDIA®GeForce® GTX 1070 8GB / GTX 1660 6GB / AMD Radeon RX Vega 56
• RAM: 16 GB
• DirectX: 12
• Diskdə boş yer: 45 GB