Oyunlar

Elden Ring

Elden Ring oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley treyleri və PC üçün sistem tələbləri

  • Buraxılış tarixi: 25.02.2022
  • Platformalar: PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S
  • Yaradıcı: FromSoftware
  • İstehsalçı: Bandai Namco Entertainment

“Elden Ring” üçüncü şəxs perspektivli ekşen rol oyunu janrındadır. Oyun həm tək nəfərlik, həm də çox nəfərlik rejimləri dəstəkləyir.

“Elden Ring” oyunu “soulslike” altjanrının əsasını qoyan “Dark Souls” seriyasının yaradıcıları From Software tərəfindən ərsəyə gətirilib. Yaradıcının bütün oyunlarına xas olan əsas qeympley elementləri, yüksək çətinlik səviyyəsi və interfeys bu oyunda da öz əksini tapıb. Bununla yanaşı “Elden Ring” oyununda özünəməxsus özəlliklər də kifayət qədərdir.

Açıq oyun dünyası hüdudlarında oyunçunun istənilən istiqamətdə hərəkət etməsi üçün heç bir məhdudiyyət yoxdur. Oyun xəritəsi 6 bölgədən ibarətdir. Hər bölgə öz relyefi, katakombaları, qəsrləri, varlıqları və bossları ilə bir-birindən fərqlənir. Oyun dünyasında bir nöqtədən digərinə piyada və ya atla getmək olar. Oyunçu əvvəllər olduğu məkanlara isə səyahət etmədən tez keçid edə bilər. Oyunda süjet xətti olsa da, o, daha çox şərti xarakter daşıyır. Tapşırıqları hansı ardıcıllıqla icra etmək, hansı varlıqlarla və ya bosslarla döyüşmək, hansılarından isə yan keçmək hər bir oyunçunun fərdi seçimidir.

Oyunda hər birinin özünəməxsus bacarıqları və xüsusiyyətləri olan ümumilikdə 10 ixtisas mövcuddur. İxtisaslar aşağıdakılardan ibarətdir:

  • Warrior (Döyüşçü azərb.)
  • Prophet (Baxıcı azərb.)
  • Hero (Qəhrəman azərb.)
  • Prisoner (Məhbus azərb.)
  • Vagabond (Sərsəri azərb.)
  • Bandit (Bandit azərb.)
  • Samurai (Samuray azərb.)
  • Astrologer (Astroloq azərb.)
  • Confessor (Ruhani azərb.)
  • Wretch (Səfil azərb.)

Sadalanan ixtisasların hər biri müəyyən döyüş üslubunda daha effektivdir. Onlardan bəziləri yaxın döyüş, bəziləri uzaq döyüş, digərləri isə həm yaxın, həm də uzaq döyüş üçün nəzərdə tutulub. Oyunda personajın təchiz olunması üçün orta əsrlər dövrünə aid olan silah və geyimlər, eləcə də maqlar üçün fentezi janrına xas olan mantiya və sehrli dəyənəklər mövcuddur. Hər bir oyunçunun öz personajını nə ilə təchiz etməsi isə onun seçdiyi ixtisasdan və döyüş üslubundan asılıdır.

“Elden Ring” oyununda geniş seçimli personaj redaktoru mövcuddur. Burada hər bir oyunçu oyuna başlamazdan əvvəl öz personajının xarici görünüşünü zövqünə uğun olaraq dəyişmək imkanına malikdir.

Çox nəfərlik rejimə gəldikdə isə, bu rejimdə süjet kampaniyasına başlayan oyunçuların sessiyalarına digər oyunçular da qoşula bilər. Belə olduğu halda bir neçə oyunçunun iştirakı ilə çətin rəqibləri onların köməyi ilə dəf etmək imkanı yaranır.

Süjetə görə

Oyunda hadisələr “Aralıq Torpaqları” adlanan dövlətdə cərəyan edir. Dövlət Əbədi Marika adlı kraliça tərəfindən idarə olunur. “Aralıq Torpaqları” bir vaxtlar həyat Elden üzüyündən asılı idi. Elden üzüyü bu torpaqda bitən qüdrətli “Dünya ağacı”nın mənbəyi idi. Üzük və ondan bəhrələnən ağac bu torpağın sakinlərinə “qızıl işıq” bəxş edirdi. “Qızıl işığın” daşıyıcıları gözlərində olan işıqla digərlərindən seçilirdilər. Lakin işıq bəzi insanlarda tükənirdi. Belələrini “Sönmüşlər” adlandırıb “Aralıq Torpaqlarından” sürgün edirdilər. Oyunun baş qəhrəmanı da, bir vaxtlar sürgün edilən insanlardan birinin nəslindəndir.
Günlərin bir günü Elden üzüyü parçalanır. Kraliça Marikanın nəslindən olan davamçıları yarıtanrılar üzüyün parçalarını öz aralarında bölüşdürmək qərarına gəlirlər. Bu parçalar onların hər birinə xüsusi güc bəxş edir. Lakin bu gücün arxasında böyük lənət dururdu. Lənətin təsirindən dəli olan yarıtanrılar bir-birilə amansız müharibəyə başlayırlar. Bu əsnada isə baş qəhrəman Elden üzüyünün parçalanmasından sonra onun əcdadlarını tərk edən “qızıl işığı” yenidən hiss etməyə başlayır və, o, “Aralıq Torpaqlarına” qayıdır. İndi, o, Elden üzüyünün gücünə sahib olub bu torpaqların hökmdarı olmaq istəyir.

Oyunun süjeti bir neçə sonluqdan ibarətdir. Ənənəvi olaraq süjet sonluğu oyun proqresindən asılıdır. Eləcə də oyunun süjet kampaniyasını bitirdikdən sonra “New game+” rejimində oyunu yenidən başlamaq imkanı yaranacaq.

“Elden Ring” oyununun qeympley treylerini təqdim edirik:


PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 8400 / AMD Ryzen™ 3 3300X
• GPU: NVIDIA®GeForce® GTX 1060 / AMD Radeon RX 580
DirectX: 12
• RAM: 12 GB
• Diskdə boş yer: 60 GB

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10/11 64 bit
• CPU: Intel® Core™ i7 8700K / AMD Ryzen™ 5 3600X
• GPU: NVIDIA®GeForce® GTX 1070 / AMD Radeon RX Vega 56
DirectX: 12
• RAM: 16 GB
• Diskdə boş yer: 60 GB

Əvvəlki Məqalə
Horizon Forbidden West