Horizon Forbidden West oyunu haqqında məlumat, buraxılış tarixi və qeympley treyleri
- Buraxılış tarixi: 18.02.2022
- Platformalar: PS4 / PS5
- Yaradıcı: Guerilla Games
- İstehsalçı: Sony Interactive Entertainment
“Horizon Forbidden West” üçüncü şəxs perspektivli ekşen rol oyunu və elmi fantastika janrlarındadır. “Horizon” seriyasının ikinci hissəsi və “Horizon Zero Dawn” oyununun davamıdır. Decima oyun mühərrikində ərsəyə gətirilib. Yalnız tək nəfərlik süjet kampaniyası rejimini dəstəkləyir.
“Horizon Forbidden West”də baş qəhrəman birinci hissədən hər kəsə tanış olan Eloy adlı qadındır. Eloy oyun prosesi əsnasında həm robotlar, həm də insanlarla döyüşür. Yaxın döyüşdə, o, əsasən nizədən, uzaq döyüşdə isə oxdan istifadə edir. Eləcə də, oyunda ətraf mühitin tədqiqi və digər məqsədlər üçün Eloy çoxfunksiyalı vizorundan istifadə edir.

“Horizon Zero Dawn” ilə müqayisədə oyunun qrafikası, qeymlpleyi, animasiyası və tapşırıqlar sistemi daha da təkmilləşdirilib, oyun xəritəsi isə genişləndirilib. Artıq oyun xəritəsində fərqli iqlimli məkanları müşahidə etmək olar. Sadalananlarla yanaşı qeympleyə bəzi yeni elementlər də əlavə olunub. İndi Eloy bəzi yerlərə qalxmaq üçün ipli caynaqdan və hündürlükdən süzmək üçün qanad-qalxandan istifadə etməyi bacarır. Bu elementləri döyüş zamanı kombinasiya etməklə oyun prosesini daha dinamik və rəngarəng etmək olar.







Süjetə görə
“Horizon Forbidden West” oyununda hadisələr ABŞ-nin Kaliforniya, Nevada və Yuta ştatlarının ərazisində postapokaliptik dünyada cərəyan edir. Bəşəriyyət yenidən böyük təhlükə ilə qarşı-qarşıyadır. Amansız təbii fəlakətlər, ölümcül xəstəliklər və əvvəlki sivilizasiyanın məhsulu olan aqressiv robotlar bəşəriyyəti yenidən məhvə məhkum etmək üzrədir. Lakin bütün bunlar hələ də bir-birindən ayrı olan, hətta bir-biri ilə düşmən olan insan tayfalarını birləşdirməyə kifayət etmir. Buna görə də, insanları qaçılmaz təhlükədən qorumaq yenidən baş qəhrəman Eloyun üzərinə düşür. O, hələ kəşf olunmayan “qadağan olunmuş qərb”ə getməli və təhlükənin mənbəyini tapıb dünyada əminamanlığı bərpa etməlidir. Bu çətin səyahətində Eloya köhnə dostları və müttəfiqləri kömək edəcək.
Horioz Forbidden West oyununun qeympley treylerini təqdim edirik: