Buraxılış tarixi: 02.07.2020
Platformalar: PC, PS4, Xbox One (Xbox Series X, PlayStation 5)
Yaradıcı: Ubisoft
İstehsalçı: Ubisoft Montreal
Daha bir “Battle Royale” janrında olan bir oyun, bu dəfə artıq “Ubisoft” şirkətinin Kanada bölgəsinə məxsus “Ubisoft Montreal” studiyasından. “Hyper Scape” oyunu birinci şəxsdən (first person) çoxnəfərlik onlayn şuterdir. “Hyper Scape” hazırda solo və komanda ilə oyun rejimlərini dəstəkləyir. Solo rejimdə döyüş meydanı kimi nəzərdə tutulmuş geniş xəritəyə eyni anda 100 nəfərədək, 3 nəfərdən ibarət komanda rejimində isə 99 nəfərədək şəxs buraxılır. Prinsip olaraq digər “Battle Royale” oyunlarından çox da fərqlənmir. Qalib gəlmək üçün xəritə boyu silah və digər sursatlar tapıb, rəqibləri məğlub edərək sonadək sağ qalmaq lazımdır. Lakin, “Hyper Scape” oyununda kifayət qədər fərqli nyuanslar da vardır. Belə ki, oyunda vaxtaşırı kiçilən “təhlükəsiz zona”-nın son həddində, sona qalmış oyunçulardan hər hansı biri xəritədə meydana gələn “tacı” əldə etdikdən sonra 45 saniyə ərzində onu saxlayarsa, oyunu qələbə ilə başa vurmuş sayılır. Bundan əlavə, “Hyper Scape” oyununda rəqib oyunçu tərəfindən məğlub edildikdən sonra, fantom, yəni ruh formasında oyunu davam etdirmək mümkündür. Belə olduğu halda ətrafı nəzərdən keçirərək komanda yoldaşlarına kömək etmək olar. Gələcəkdə isə xüsusi nəzərdə tutulmuş nöqtələrdə, komanda yoldaşları həmin fontomu yenidən oyuna qaytara biləcəklər. Hər bir oyunçu özü ilə iki silah və müxtəlif növ (müalicə, teleport, gözəgörünməzlik və s.) funksiyaları yerinə yetirən 2 “hack” daşıya bilər. Sadalanan elementlərinin hər hansı biri təkrarən əldə olunduqda onların effektivliyi daha da artır.
Süjetə görə isə oyunda hadisələr 2054-cü ildə xəyali “Neo-Arkadiya” adlı xəyali şəhərdə cərəyan edir. Bu şəhər Prisma Dimensions şirkəti tərəfindən bu növ döyüşlər üçün yaradılıb və oyun dünyasında bu idman növü “Crown Rush” adlandırılır.
“Hyper Scape” oyununun özəl xüsusiyyətlərindən biri də odur ki, oyun “Twitch” striminq servisi ilə inteqrasiya olunub və strim zamanı izləyicilərin oyun prosesinə təsir etməsinə imkan yaradır.
Hyper Scape oyununun qeympley videosunu Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri (1080p, 60fps):
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i3 3220 / AMD FX-4130
• GPU: nVidia GeForce GTX 660 / AMD Radeon™ HD 7870
• RAM: 6 Gb
Tövsiyə olunan sistem tələbləri (1080p, 60fps):
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 4790 / AMD Ryzen™ 5 1500X
• GPU: nVidia GeForce GTX 970 (4 Gb) / AMD Radeon™ RX 480 (4 Gb)
• RAM: 8 Gb
Ən yüksək parametrlər üçün tövsiyə olunan sistem tələbləri (4K, 60fps):
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i9 7900 X / AMD Ryzen™ 5 PRO 3600
• GPU: nVidia GeForce RTX 2080Ti (11 Gb) / AMD Radeon™ RX 5700 XT (11 Gb)
• RAM: 16 Gb