Kena: Bridge of Spirits oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley videosu və PC üçün sistem tələbləri
- Buraxılış tarixi: 21.09.2021
- Platformalar: PC, PS4, PS5
- Yaradıcı: Ember Lab
- İstehsalçı: Ember Lab
“Kena: Bridge of Spirits” üçüncü şəxs perspektivli ekşen-macəra janrındadır. Oyun Unreal Engine 4 mühərrikində ərsəyə gətirilib. Yalnız tək nəfərlik süjet kampaniyasından ibarətdir.
Qeympleyi kifayət qədər rəngarəng olan “Kena: Bridge of Spirits” oyunçuları sehrli dünyaya aparır. Oyun dünyasının yaradılmasında Ember Lab Yaponiya və Bali təbiətinin mənzərələrindən bəhrələnib. Bu dünyada baş qəhrəman isə “Kena” adlı gənc qız obrazıdır. Məhz bu personajı idarə edən oyunçular onun xüsusi bacarıqlarından istifadə edərək müxtəlif maneələri dəf etməli və rəqiblərlə mübarizə aparmalıdırlar. Bu mübarizədə onu Çürük (Rot ing.) adlandırlan kiçik qara məxluqlar daim müşayiət edəcək.

Kena xüsusi bacarıqlarından sehrli çubuğu vasitəsilə istifadə edir. Oyunçular bu unikal sehrli çubuq vasitəsilə yaxın döyüşdə həm yüngül, həm orta, həm də ağır zərbələr endirə bilər, eləcə də uzaq məsafədən ondan yay kimi istifadə edə bilərlər. Kena döyüş zamanı öz ətrafında mavi kürə yaradaraq özünü rəqibin hücumlarından müdafiə etməyi də bacarır.
Süjetə görə
Oyunda hadisələr əsasən sehrli meşə sahələrində cərəyan edir. Baş qəhrəman Kena ruhlar dünyasının qədim sirlərini öyrənmək və azmış ruhların rahatlığa qovuşmasına yardım etmək üçün ucqar bir kəndə səyahət edir. O, meşəni tədqiq etməli, müxtəlif yerlərdə gizlənən Çürükləri axtarmalı və dağlarda yerləşən müqəddəs səcdəgahı tapmalıdır. Lakin meşə sakinlərinin heç də hamısı xoş niyyətli məxluqlar deyil. Kena öz macərası zamanı meşədə həm də müxtəlif bədməramlı məxluqlarla qarşılaşır. Onlara qarşı mübarizədə isə Kenaya onun xüsusi bacarıqları, sehrli çubuğu və Çürüklər yardımçı olacaq.
Bəzi mənbələr “Kena: Bridge of Spirits” oyunununu “indi-oyun” kateqoriyasına aid edir. Oyunun süjeti vahid və sadədir. Odur ki oyun dünyası açıq deyil və əsasən dəhliz tipli mərhələlərdən ibarətdir.
Kena: Bridge of Spirits oyununun qeympley videosunu təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7/8.1/10 64 bit
• CPU: Intel® Core™ i3 3220 / AMD FX 6100
• GPU: NVIDIA®GeForce® GTX 650 / AMD Radeon HD 7750
• RAM: 8 GB
• DirectX: 11
• Diskdə boş yer: 25 GB
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7/8.1/10 64 bit
• CPU: Intel® Core™ i7 6700K / AMD Ryzen 7 1700
• GPU: NVIDIA®GeForce® GTX 1070 / AMD RX Vega 56
• RAM: 16 GB
• DirectX: 11
• Diskdə boş yer: 25 GB