2022-ci ilin fevral ayında “Dying Light 2”, “Horizon Forbidden West”, “Elden Ring”, “Sifu” və “GRID Legends” bizim seçmə oyunlar siyahımıza daxil olub
Yanvar ayı ilə müqayisədə fevralda əksər oyunçuların səbrsizliklə gözlədiyi oyunların sayı çoxluq təşkil edir. Belə ki, bizim seçmə oyunlar siyahısında bu ayın ən çox müzakirə olunan “Dying Light 2”, “Horizon Forbidden West” və “Elden Ring” kimi oyunları da öz əksini tapıb. Qeyd olunan oyunlarla yanaşı konsepsiyası və qeympley görüntülərinə görə diqqətimizi cəlb edən daha iki oyunu da bu siyahıya əlavə etdik.
Beləliklə, 2022-ci ilin fevral ayının seçmə oyunları siyahısına buraxılış ardıcıllığı ilə aşağıdakı oyunlar daxildir:
- Dying Light 2 (04.02.2022)
- Sifu (08.02.2022)
- Horizon Forbidden West (18.02.2022)
- Elden Ring (24.02.2022)
- GRID Legends (25.02.2022)
Dying Light 2: Stay Human
Oyun Techland tərəfindən C-Enginge mühərrikində ərsəyə gətirilib. 2015-ci ildə buraxılan “Dying Light” oyununun davamıdır. Ekşen/rol oyunu və horror janrlarındadır. Həm tək nəfərlik, həm də 4 nəfərədək kooperativ oyun rejimlərini dəstəkləyir.
“Dying Light 2: Stay Human” 04.02.2022-ci il tarixində PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S və Nintendo Switch platformaları üçün buraxılacaq.
Sifu
Sifu ekşen və döyüş janrlarında olan tək nəfərlik “indi” oyundur. Sloclap studiyası tərəfindən Unreal Engine 4 mühərrikində ərsəyə gətirilib. Oyun 08.02.2022-ci il tarixində PC və PS4 / PS5 platformaları üçün buraxılacaq.
Horizon Forbidden West
Oyun ekşen/rol oyunu və elmi-fantastik janrlardadır. “Horizon” seriyasının ikinci hissəsi və 2017-ci ildə buraxılan “Horizon Zero Dawn” oyununun davamıdır. Sony şirkətinə məxsus Guerilla Games studiyası tərəfindən Decima mühərrikində ərsəyə gətirilib.
“Horizon Zero Dawn” 18.02.2022-ci il tarixində yalnız PlayStation 4 və 5 konsolları üçün buraxılacaq.
Elden Ring
Bandai Namco Entertainment və FromSoftware tərəfindən ərsəyə gətirilən növbəti “soulslayk” “Elden Ring” ekşen/rol oyunu janrındadır. Oyun həm tək nəfərlik, həm də çox nəfərlik oyun rejimlərini dəstəkləyir. 24.02.2022-ci il tarixində PC, PS4 / PS5 və Xbox One / Xbox Series X|S platformaları üçün buraxılacaq.
GRID Legends
2008-ci ildən etibarən buraxılan “GRID” yarış seriyasının 5-ci hissəsi olan “GRID Legends” bu janrda olan oyunlarla məşhurlaşan Codemasters studiyası tərəfindən Ego mühərrikində ərsəyə gətirilib. Oyun həm tək nəfərlik, həm də çox nəfərlik rejimləri dəstəkləyir.
“GRID Legends” 25.02.2022-ci il tarixində PC, PS4 / PS5 və Xbox One / Xbox Series X|S platformaları üçün buraxılacaq.
Fevral ayı ərzində qeyd olunan oyunların hər biri haqqında ətraflı məqaləni sizinlə paylaşacağıq. Eləcə də “Twitch” kanalımızda “Dying Light 2”, “Horizon Forbidden West” və “Elden Ring” oyunlarının elə buraxıldıqları ilk gündən sizə canlı yayımda təqdim etməyi planlaşdırırıq.