Jurnalist Ceyson Şreyer “GTA VI”nın 2024-cü ildən tez buraxılmayacağını təsdiqləyib
Bir neçə gün əvvəl bloger Tom Henderson “GTA VI” oyununda hadisələrin 80-cı illərdə yox, müasir dövrdə “Vice City”də cərəyan edəcəyi barədə məlumat paylaşmışdı. Bununla yanaşı, o, oyunun 2024-cü ilədək buraxılacağının gözlənilmədiyini də qeyd etmişdi.
Dünən isə adətən oyun sənayesindən doğru məlumatları ilə yadda qalan məşhur jurnalist Ceyson Şreyer Rockstar tərəfindən ərsəyə gətirilən “GTA VI” oyununun 2024-2025-ci illərdən tez buraxılmayacağı məlumatını təsdiqləyib. Onun sözlərinə görə Rockstar şirkəti ilkin olaraq oyunu 2023-cü ildə buraxacağını planlaşdırsa da, pandemiya oyunun bu tarixdə buraxılmasını mümkünsüz edib.
İlkin məlumata görə “GTA VI” oyunununda hadisələr “Vice City”də cərəyan etsə də, oyun xəritəsi vaxtaşırı dəyişəcək. Belə ki, oyun əlavələri vasitəsilə oyun xəritəsinə müxtəlif mövzularla əlaqədar dəyişikliklər əlavə olunacaq. Süjet kampaniyasında yenidən bir neçə əsas qəhrəman olacaq. “Grand Theft Auto” oyun seriyasında ilk dəfə bu personajlardan birinin qadın cinsindən olacağı ehtimal olunur.