“Metro” oyun seriyasının yeni hissəsi “4A Games” tərəfindən hazırlanır. Oyunun süjetini isə müəllif Dmitri Qluxovski yazır.
Məhşur “Metro” oyun seriyasının yeni – 4-cü hissəsinin “4A Games” tərəfindən hazırlanmasına başlanması xəbərini “THQ Nordic” şirkəti təsdiq edib. “Metro” oyun seriyasının artıq buraxılmış hissələri dolayı yolla olsa da yazıçı və “Metro” romanının müəllifi Dmitri Qluxovskinin kitablarına (“Metro 2033”, “Metro 2034”, “Metro 2035”) əsaslanırdı. Bu kitablarda adından bəlli olduğu kimi hadisələr 3 il ərzində cərəyan edir. “4A Games”-in 3 seriyadan ibarət oyunlarında da orjinal süjet xəttinin bəzi məqamları öz əksini tapırdı. Sonuncu “Metro: Exodus” oyunu baş verən hadisələri yekun nöqtəyə gətirərək süjeti tamamlayırdı. Lakin, buna baxmayaraq Dmitri Qluxovski “Metro” oyun seriyasının yeni hissəsinin süjeti üzərində çalışdığını bildirib və bu barədə sosial şəbəkələrdə paylaşıb. Güman edilir ki, yeni hissədə biz yenidən Artem və onun yoldaşlarını görəcəyik.
Qeyd edək ki, “Metro” oyun seriyasının yeni hissəsinin buraxılışı yaxın illər üçün nəzərdə tutulmayıb. Lakin, “Metro: Exodus” oyununa iki oyun əlavəsi buraxılacaq. Bunlardan biri “İki Polkovnik” adlı DLC isə 20.08.2019-cu il tarixdə buraxılacaq.