Respawn “Reddit” istifadəçilərinin suallarını cavablandırarkən krossproqres funksiyasının oyuna 2022-ci ildən tez əlavə olunmayacağını bildirib
Xatırlayırsınızsa, ötən il oyunçuların təkidi ilə nəhəyət ki, Respawn “Apex Legends” oyununa krossplatforma funksiyasını əlavə etmişdi. Hazırda oyun mövcud olduğu bütün platformalar arasında krosspleyi dəstəkləsə də, krossproqres funksiyası hələ də əlavə olunmayıb. Krossproqresin oyuna əlavə olunması “Apex Legends” oyunçularına öz hesablarını oyunun buraxıldığı istənilən platformaya daşımağa imkan verəcək. Adətən, krossplatformanı dəstəkləyən oyunların bir çoxu həm də krossproqresi dəstəkləyir. Məhz bu səbəbdən əksər oyunçularda sual yaranır: “Apex Legends nə üçün krossproqresi dəstəkləmir?”
Respawn isə bu barədə nə anons edir, nə də ki mövzuya münasibətini bildirir.
Nəhayət, Respawn bir neçə gün bundan əvvəl “Reddit” sosial şəbəkəsində istifadəçilərin bəzi suallarını cavablandırmağa qərar verdi. İstifidəçilərdən birinin krossproqreslə əlaqədar sualını cavablandırarkən Respawn şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rayan Riqni bu funksiyanın oyuna əlavə olunmasının çox çətin bir iş olduğunu və hazırda “Apex Legends” komandasının bu istiqamətdə işlədiyini bildirib. O əlavə edib ki, krossproqres oyuna gələn ildən tez əlavə olunmayacaq.
Oyunun yeni nəsil PlayStation və Xbox konsollarına yenilənməsi ilə bağlı sualları cavablandırarkən isə Rayan dəqiq cavab verməyib. Onun sözlərinə görə, yenilənmə hazırlıq mərhələsindədir. Bu barədə də heç bir dəqiq tarix qeyd olunmayıb.