Apple brendi ilə yaxından və ya uzaqdan tanış olan hər kəs ən azı bir dəfə belə olsa şirkətin rəsmi saytına daxil olub. Əvvəllər şirkətin rəsmi saytında Apple tərəfindən dəstəklənən ölkələr sırasında Azərbaycan mövcud deyil idi. Bu isə şirkətlə rəsmi əlaqəni mümkünsüz edirdi. Belə olduğu halda Apple cihazlarının istifadəçisi olan Azərbaycan Respublikasının vətəndaşları və bizim ölkədə yaşayan digər şəxslər şirkətlə rəsmi əlaqə üçün qonşu ölkələrdə olan rəsmi xidmətlərə müraciət etməli olurdular. Böyük əksəriyyət isə vəziyyətin belə yerdə olduğunu anlayıb ya fikrindən daşınırdı ya da ki, qeyri-rəsmi xidmətlərdən yararlanmalı olurdu.
Hazırda Apple rəsmi saytına daxil olan hər kəs Azərbaycanın şirkət tərəfindən dəstəklənən ölkələr sırasına əlavə olunduğunu əyani surətdə görə bilər.

Belə ki, sayta daxil olan kimi sizin coğrafi yeriniz nəzərə alınaraq ilk olaraq ölkə seçimi kimi məhz Azərbaycan təklif olunur.

Təəssüf ki, saytın Azərbaycan bölməsi hələ ki, ingilis dilindədir. Ümid edirik ki, gələcəkdə saytın Azərbaycan bölməsi azərbaycan dilinə tərcümə olunacaq və ölkəmizdə Apple şirkətinin rəsmi texniki dəsktək xidməti meydana gələcək.
Bütün bunlara baxmayaraq ölkəmizdə hazırda fəaliyyət göstərən və Apple tərəfindən tanınan bir neçə yerli mağazanın və hətta bir rəsmi servis mərkəzinin adları və ünvanı qeyd olunub
Apple şirkətinin ölkəmizdə fəaliyyət göstərən Premium satış ortağı kimi “Alma Store”, şirkət tərəfindən tanınmış satış ortaqları kimi isə “Kontakt Home”, “Azercell”, “My Shops” və “WorldTelecom” göstərilmişdir. Rəsmi servis mərkəzi isə “Alma Servis”-dir.
Hər bir halda Azərbaycanın şirkət tərəfindən dəstəklənən ölkələr siyahısına əlavə olunması Apple rəsmi xidmətlərinin ölkəmizdə yaranması və inkişafı istiqamətində ilk və ən vacib addımdır.