20 sentyabr tarixində AzDimension studiyasının növbəti oyunu buraxılıb. “Axilon Legend of Artifacts – Prologue” oyununu Steam rəqəmsal mağazsından ödənişsiz əldə etmək mümkündür.
2012-ci ildə azərbaycanlı gənc Fərid Haqverdiyev tərəfindən əsası qoyulan AzDimension oyun studiyası öz yaradıcılığında növbəti uğura imza atıb. 20 sentyabr tarixində studiyanın rol-oyunu (RPG ing.) janrında olan “Axilon: Legend of Artifacts – Prologue” oyunu Steam rəqəmsal mağazasında buraxılıb. Artıq bütün Steam istifadəçiləri heç bir ödəniş etmədən oyunu öz kolleksiyalarına əlavə edib oynaya bilərlər.
Oyunu əldə etmək üçün buradan keçid edə bilərsiniz.
QEYD: “Axilon: Legend of Artifacts – Prologue” oyunu yalnız PC platforması üçün buraxılıb.
Xatırladaq ki, AzDimension ilk dəfə 2018-ci ildə PC platforması üçün buraxılan “The Last Dead End” (“Sonuncu Dalan” azərb.) oyunu ilə məşhurlaşıb. Daha sonra həmin oyun PlayStation, Xbox və Nintendo Switch konsolları üçün də buraxıldı.
Studiyanın rəhbəri Fərid Haqverdiyevin Azərbaycan Əyləncə və Oyun İcmasına verdiyi məlumatda oyun bu sözlərlə təsvir olunur:
“Aksilon: Artefaktlar Haqqında Əfsanə – Proloq”da, oyunçu Aksilon dünyasını ələ keçirməyə çalışan Dark Lord Sayrus və köməkçiləri ilə üz -üzə gəlməli olacaq. Bu mübarizədə baş qəhrəmana sehr qüvvələri, qalxan, sadiq qılınc və atasının məsləhətləri kömək edəcək.
Oyunda üç mərhələ var – meşə, mağaralar və qarlı vadi. Hər birinin özünəməxsus məqsədləri var. Əsas hekayənin başlanğıc hissəsi olduğu üçün oyun kifayət qədər qısadır.
Fərid Haqverdiyev
“Axilon: Legend of Artifacts – Prologue” hələ də öz aktuallığını qoruyub saxlayan və ən məşhur oyun mühərriklərindən biri olan Unreal Engine 4-də ərsəyə gətirilib. AzDimension oyun mühərrikinin yaratdığı imkanlardan istifadə edərək xəyali Aksilon dünyasının təbiətini və abu-havasını mümkün qədər oyunçulara ötürməyə çalışıb.
Oyun dünyası və süjetinin ərsəyə gətirilməsində yaradıcı studiya azərbaycanlı yazıçı Timur Azisovun eyniadlı kitabına əsaslanıb.
Hal hazırda “Axilon: Legend of Artifacts – Prologue” oyunu haqqında Steam rəqəmsal mağazasında təxminən 50 rəy yazılıb. Rəy müəlliflərinin böyük əksəriyyəti oyunu xoş qarşılayıblar. Siz də oyununun rəqəmsal mağazadakı səhifəsinə keçid edib AzDimension studiyasına dəstək ola bilərsiniz.
“Axilon: Legend of Artifacts – Prologue” oyununun sistem tələbləri kifayət qədər mülayimdir. Hazırki meyarlarla bütün orta parametrli PC istifadəçiləri oyunu oynamaq imkanındadırlar.
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7/8/8.1/10 64 bit
• CPU: Intel® Core™ i5 və ya ekvivalenti
• GPU: NVIDIA®GeForce® GTX 760 / AMD Radeon HD 8800
• RAM: 4 GB
• DirectX: 11
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7/8/8.1/10 64 bit
• CPU: Intel® Core™ i7 6700K və ya ekvivalenti
• GPU: NVIDIA®GeForce® GTX 1060 / AMD RX 480
• RAM: 8 GB
• DirectX: 11