“Battlefield 2042” 22.10.2021-ci il tarixində PC, PS4/PS5, Xbox One, Xbox Series X|S platformalarına buraxılacaq
Artıq bir aydan çoxdur ki, “BATTLEFIELD” adı altında tanınan bu oyunun treylerindən fərqli görüntülər sızırdı. Bəzi həvəskarlar bu görüntüləri bir yerə toplayaraq keyfiyyətsiz belə olsa treylerin bir qismini yarada bilmişdilər. Nəhayət ki, dünən EA “Battlefield” oyun seriyasının növbəti hissəsini anons etdi. DICE tərəfindən ərsəyə gətirilən “Battlefield 2042” oyunu 22.10.2021-ci il tarixində PC, PS4 / PS5, Xbox One, Xbox Series X|S platformalarına buraxılacaq. EA Play abunəçiləri isə artıq 15 oktyabr tarixindən oyunun 10 saatlıq demo versiyasını sınaqdan keçirmək imkanına sahib olacaqlar.

Süjetə görə
Oyunda hadisələ 2042-ci ildə cərəyan edir. Yer kürəsində resurslar tükənmək üzrədir. Belə bir vəziyyətdə iki hegemon dövlət – Rusiya və ABŞ tükənməkdə olan resurslar uğrunda müharibəyə başlayırlar.
Əslində isə yuxarıda qeyd olunan süjetin yox, oyunun məğzinin qısa izahıdır. Çünki “Battlefield 2042”də süjet kampaniyası olmayacaq. Oyun yalnız çoxnəfərlik rejimdən ibarət olacaq. Görünür DICE, nəhayət ki, “Battlefield” oyunları üçün maraqlı süjet kampaniyası yarada bilmədiyini anlayıb və bu dəfə məntiqli olaraq bütün güclərini çoxnəfərlik rejim üçün səfərbər edib.
Yaradıcı şirkət “Battlefield 2042” oyununu yeni nəsil FPS (birinci şəxs perspektivli şuter) adlandırır. Treylerin əsasən oyun prosesindən olan görüntülərdən ibarət olduğuna inansaq yaradıcının sözlərində heç bir şübhə qalmır. “Battlefield 2042″ həqiqətən də dövrünün ən təkmil şuteri olmağa doğru qəti addımlarla irəliləyir. Oyunun əsas xüsusiyyətlərindən biri də nəhəng oyun xəritələridir. Buraxılış zamanı 7 oyun xəritəsinin olacağı gözlənilir. PC, PS5 və Xbox Series X|S platformalarında hər xəritədə eyni anda 128 oyunçu oynaya biləcək. Daha zəif sistem xüsusiyyətlərini nəzərə alaraq PS4 və Xbox One platformalarında xəritələr nisbətən daha kiçik, oyunçu sayı isə 64 nəfər olacaq.
Təqdim olunan 5 dəqiqəlik treyler fərqli oyun xəritələrininin təsvirini və kinematoqrafik görüntüləri özündə əks etdirir.
“Battlefield 2042” oyununun ilk treyleri:
“Battlefield 2042”də personajlar muzdlu döyüşçülərdir. Oyunçunun seçimindən asılı olaraq personaj həm ABŞ, həm də Rusiya tərəfindən döyüşə qoşula bilər. Personajların ixtisas üzrə bölgüsü mövcuddur. İlkin məlumata görə buraxılış zamanı oyunda hər birinin özünəməxsus bacarığı olan 10 fərqli ixtisas olacaq. DICE və EA oyunu uzun müddət müxtəlif yeniliklərlə dəstəkləyəcəklərini planlaşdırır. Bu yeniliklər çərçivəsində isə oyuna yeni personajlar, oyun xəritələri və digər elementlər əlavə olunacaq.
Oyun “Standart”, “Gold” və “Ultimate” olmaqla 3 nəşrdə buraxılacaq. Hazırda “Battlefield 2042” üçün öncədən sifariş açıqdır.
Qiymətlərə gəldikdə isə ənənəvi olaraq oyun PC platforması üçün nisbətən daha ucuzdur. Rəqəmsal mağazalarda qiymətlər aşağıdakı kimidir:
PS Store:
PS4
• Standart – $59.99
PS5
• Standart – $59.99
• Gold – $99.99
• Ultimate – $119.99
PC (Origin, Steam, Epic Games Store):
• Standart – $59.99
• Gold – $89.99
• Ultimate – $109.99
Microsoft Store:
Xbox One / Xbox Series X|S
• Standart – $59.99
• Gold – $99.99
• Ultimate – $119.99