Battlefield Portal rejimi seriyanın “Battlefield 1942”, “Bad Company 2”, “Battlefield 3” və “Battlefield 2042” oyunlarının məzmununu özündə cəmləşdirir.
EA və DICE bu ilin iyul ayında “Battlefield Portal” rejiminin anonsundan sonra ilk dəfə sözügedən rejimin qeympley videosu ilə paylaşmaq qərarına gəlib. İlk baxışdan oyunçuya bir qədər yad görünsə də yeni rejim həqiqətən də unikal xüsusiyyətlərə malikdir. Belə ki, rejim özündə eyni anda seriyanın “Battlefield 1942”, “Bad Company 2”, “Battlefield 3” və, əlbəttə ki, “Battlefield 2042” oyunlarının məzmunu cəmləşdirir.
“Battlefield Portal” özü özlüyündə rejim redaktoru kimi çıxış edir. Studiya bu addımı ilə oyunçulara bir qədər yaradıcılıq azadlığı verməyi düşünür. Rejimin xüsusiyyətlərindən istifadə edərək oyunçular seriyanın 6 klassik oyun xəritəsində həm yeni, həm də köhnə silahlarla oynamaq imkanı əldə edəcəklər. Qeyd olunanlarla yanaşı oyunçular qarşılaşmada qələbə qazanmaq üçün şərtləri və bununla da döyüşün gedişatını, oyunçu sayını, “əməliyyatçıların” xüsusiyyətlərini özləri ayarlaya biləcəklər. Bütün bunların həyata keçirilməsi üçün isə oyunçuya seriyanın 4 fərqli oyunundan geniş seçim imkanı təqdim olunur.
Xatırladaq ki, noyabr ayının ən gözlənilən oyunlarından biri olan “Battlefield 2042” bu ayın 19-u PC, PS4 / PS5 və Xbox One / Xbox Series X|S platformalarına buraxılacaq.