Bu barədə məlumatı aktrisa Ariana Qrinblatt öz Twitter hesabında paylaşıb
“Borderlands” oyun seriyası əsasında film rejissor Elay Rot tərəfindən lentə alınır. Ssenari müəllifi isə Kreyq Meyzindir. Filmin çəkilişləri 1 aprel tarixində Macarıstanda başlanıb. “Borderlands”in kinoadaptasiyasında “Tiny Tina” obrazını canlandıran aktrisa Ariana Qrinblatt (Ariana Greenblatt ing.) çəkilişlərin ilk günündən öz Twitter hesabında səhnəarxası şəkil paylaşıb.
Xatırladaq ki, birinci şəxs perspektivli şuter və RPG janrlarında (first-person role-playing shooter ing.) olan “Borderlands” seriyasından ilk oyun 2009-cu il tarixində PC, PS3, Xbox 360 və Mac OS X platformalarına buraxılmışdı. Həmin ildən məşhurlaşan oyunun sonrakı illərdə daha iki seriyası yaradıldı. Seriyanın sonuncu – “Borderlands 3” oyunu haqqında saytımızda ətraflı məqalə mövcuddur.

Filmin premyera tarixi barəsində heç bir rəsmi məlumat verilməyib. Hazırda aktyor və aktrisa heyətindən aşağıdakı adlar məlumdur:
- Keyt Blanşet
- Heyli Bennett
- Ceymi Li Körtis
- Cek Blək
- Florian Muntyanu
- Ariana Qrinblatt
- Kevin Hart
“Borderlands” oyunu əsasında filmin çəkiləcəyi 2015-ci ildən planlaşdırılsa da, 2020-ci ilin fevral ayında anons edilib. Çəkilişlər isə filmin anonsundan bir il sonra başlanıb. Pandemiya vəziyyəti ilə əlaqədar olaraq bundan sonra filmin çəkilişlərinin nə zaman bitəcəyi və premyerasının hansı tarixə təyin olunacağını güman etmək çətindir.