Çox güman ki, bütün digər ənənəvi kütləvi tədbirlər kimi, bu tədbirin keçirilməməsi səbəbi artıq sizlərə məlumdur. Bəli, səbəb kimi, yenə də artıq son illərin ən qlobal təhlükəsi olmaqla yanaşı, bu ilin danılmaz xəbər trendi olan COVID-19 virus pandemiyası təhlükəsidir.
Hər il Blizzard Entertainment şirkəti tərəfindən təşkil olunaraq keçirilən BlizzCon oyun festivalı da, təəssüf ki, baş tutmayacaq digər oyun dünyasına aid kütləvi tədbirlər siyahısına qatıldı.
Blizzard Entertainment şirkəti tərəfindən ona məxsus oyunlar üçün (Hearthstone, WoW, Overwatch, StarCraft II) ənənəvi olaraq keçirilən kiber idman tədbirləri də dünyada mövcud olan vəziyyətlə əlaqədar olaraq çox güman ki, müvəqqəti dayandırılacaq.
Blizzard Entertainment şirkəti açıqlamasında BlizzCon oyun festivalı analoqunun 2021-ci ilin əvvəllərində sağlamlıq üçün təhlükəsiz bir formatda keçiriləcəyini bildirib. Sözsüz ki, onlar, kiber idman tədbirlərini də unutmayaraq, hazırda bu növ tədbirlərin həyata keçirilməsi üçün mümkün alternativlər axtardıqlarını qeyd ediblər.