Süjet treyleri İkinci Dünya müharibəsinin fərqli cəbhələrindən qısa döyüş səhnələrini və baş qəhrəmanlar haqqında məlumatı ehtiva edir
Əvvəllər də qeyd olunduğu kimi İkinci Dünya müharibəsindən bəhs edən “Call of Duty: Vanguard” həm tək nəfərlik süjet kampaniyasını, həm də çox nəfərlik qarşılaşma rejimlərini dəstəkləyir.
Süjet kampaniyasında oyun sənayesində ilk dəfə olaraq İkinci Dünya müharibəsinin bir neçə cəbhəsi işıqlandırılacaq. Məhz buna görə kampaniya rejimində fərqli cəbhələrdə mübarizə aparan 6 əsas personaj olacaq. Elə yeni təqdim olunan treyler də oyunun süjet kampaniyasından və baş qəhrəmanlar Artur Kinqsli, Polina Petrova, Lukas Riqqs, Ueyd Cekson və Riçard Uebbdən bəhs edir.
Süjetə görə baş qəhrəmanlar tam məxfi əməliyyat çərçivəsində üçüncü reyxin çökməsindən sonra dördüncü reyxi yaradaraq nasist Almaniyasını bərpa etməyə çalışan Henrix Frayzinqeri məhv etməlidirlər. Buna nail olmaq üçün isə onlar ilk əvvəl əsir düşməlidirlər.
Xatırladaq ki, “Call of Duty: Vanguard” 5 noyabr tarixində PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S plaftormaları üçün buraxılacaq.