PlaytestCloud məlumat bazasına “Warzone Mobile” oyununun əlavə olunduğu aşkarlanıb
Keçən il Activision, Infinity Ward və Raven Software tərəfindən ərsəyə gətirilən “Call of Duty: Warzone” qısa müddət ərzində kifayət qədər geniş oyunçu əhatə etməyi bacardı. Hazırda da “Warzone” oyunu “battle royale” janrının ən məşhur oyunlarından biri hesab olunur.
Qeyd edək ki, PC, PS4 / PS5 və Xbox one / Xbox Series X|S platformalarının istifadəçiləri oyunu Battle.net rəqəmsal mağazasından ödənişsiz əldə edə bilərlər.
Görünür, bu sahədə oyun sənayesində əldə olunan uğurlar görə Activision “Warzone” oyununun mobil versiyasını da buraxmağı qərara alıb. Belə ki, “Twitter” istifadəçisi Just4leaks2 araşdırmaları nəticəsində PlaytestCloud məlumat bazasında “Warzone Mobile” oyununun qeydiyyatdan keçirildiyini aşkar edib. Bu məsələyə tanınmış jurnalis Tom Henderson da münasibət bildirib.
Tom Hendersonun sözlərinə görə “Warzone Mobile” oyununun buraxılışı 2022-ci il üçün nəzərdə tutulub.
Mobil platformalar üçün buraxılan “Call of Duty Mobile” oyununun uğurlarını nəzərə alsaq, Activision şirkətinin bu platformalar üçün kifayət qədər keyfiyyətli məhsul ərsəyə gətirəcəyinə əmin olmaq olar.