Bu sözlərlə 30 aprel tarixində buraxılacaq Returnal oyununun süjet treyleri paylaşılıb
Kifayət qədər maraqlı və cəzbedici səslənən psixoloji-qorxu (psychological horror ing.) janrına mənsub PlayStation eksklüzivi “Returnal” üçün nəhayət ki, süjet treyleri də buraxıldı. Oyunun bəzi xüsusiyyətləri haqqında əvvəlki məqaləmizdə yazmışdıq.
“Bəs süjet treyleri nədən bəhs edir?” sualını cavablandırmağa çalışsaq bir cümlə ilə kifayətlənə bilərik – “Hər şeydən biraz.”
Yeni treylerin məzmunu oyun haqqında əvvəllər paylaşılan videoçarxlarla xeyli oxşardır, amma qətiyyən eyni deyil. Naməlum planet, naməlum yadplanetli sivilizasiya və qeympleydən qısa görüntülər. Süjet treylerinin “Daha dərin sirlər “Returnal-ın qaranlıq ürəyində gözləyir” sözləri ilə paylaşılması yaradıcı studiyanın oyuna olan maraq hissini izləyicilərdə sonadək qoruyub saxlamaq kimi yanaşmasını izah edir.
Lakin, tam obyetkiv olaraq qeyd etmək lazımdır ki, treyler oyundan kifayət qədər yeni məqamları da özündə ehtiva edir. İlk dəfə olaraq bu treylerdə öldükdən sonra zaman dövrü tələsinin təsiri ilə dirilən personajımızın öz nəşi ilə qarşılaşması səhnəsi təqdim olunur.
İlk saniyələrdən süjet treylerində baş qəhrəman Selenanın “Helios” adlı kosmik gəmi ilə Atropos planetində qəzaya uğradığını izləyirik. Selena naməlum “Astra” çağırışlı şəxslə əlaqə saxlamağa çalışır. Lakin, çox güman ki, planet əlaqəyə mane olur. Sağ qalmaq üçün mübarizə aparan baş qəhrəman Atroposda sanki, şəxsi həyatından olan anlarla, xatirələrlə qarşılaşır. Bununla yanaşı, o, müəmmalı “Ağ Kölgə”nin mənbəyini tapmağa çalışır.
“Returnal” oyununun süjet treylerini Sizə təqdim edirik: