9 dekabradək Epic Games Store istifadəçiləri “Dead by Daylight” və “while True: learn()” oyunlarını ödənişsiz əldə edə bilərlər
Dünən axşam saatlarından etibarən Epic Games rəqəmsal mağazasından növbəti iki oyunu ödənişsiz əldə etmək imkanı yaranıb. Çox nəfərlik qorxu oyunu “Dead by Daylight” və tapmaca janrlarında olan “while True: learn()” oyunları 9 dekabr tarixinədək rəqəmsal mağazada pulsuz olacaq.
Növbəti həftə isə istifadəçilər “Prison Architect” və “Godfall Challanger Edition” oyunlarını ödənişsiz əldə edə biləcəklər.
Dead by Daylight
Qorxu janrında olan “Dead by Daylight” oyunu Behaviour Interactive tərəfindən ərsəyə gətirilib. Oyun ilk dəfə 2016-cı ildə PC platformasına, sonrakı illərdə isə PS4 / PS5, Xbox One / Xbox Series X|S və Nintendo Switch platformaları üçün buraxılıb. Yalnız çox nəfərlik oyun rejimini və həmçinin sadalanan platformalar arasında krosspley funksiyasını dəstəkləyir.
Oyunda biri cani, digərləri isə sağ qalmaq uğrunda mübarizə aparan personajlar olmaqla 5 nəfər iştirak edir. Cani sağ qalmaq istəyənləri öldürməli, sağ qalmaq istəyənlər isə birgə səylərini əsirgəmədən ondan yaxa qurtarmağa çalışmalıdırlar.
while True: learn()
Simulyator və tapmaca janrlarında olan “while True: learn()” oyunu Luden.io tərəfindən 2019-cu ildə ərsəyə gətirilib. Oyun tək nəfərlikdir. Oyun prosesi isə müxtəlif çətinlik dərəcəsində olan pilləli mərhələlərdən ibarətdir.