EA Motive canlı yayımda “Dead Space Remake” oyununun ilk qeympley görüntülərini təqdim edib. Oyunun yaradılması prosesi hazırda ilkin mərhələdədir.
31 avqust tarixində “Dead Space Remake” oyunu üzərində çalışan EA Motive canlı yayımda oyunun ilk görüntülərini təqdim edib. Yayım zamanı studiya nümayəndələri qeyd edib ki, oyununun yaradılması prosesi hazırda ilkin mərhələdədir. Təxminən 40 dəqiqə davam edən videoda oyun üzərində görülmüş işlərdən bəzi nümunələr təqdim olunub və gələcəkdə realizə olunacağı planlaşdırılan ideyalar müzakirə olunub.
Əvvəllər də qeyd olunduğu kimi orijinal “Dead Space” oyunundan müəyyən süjet elementləri qorunub saxlansa da, oyunun “remake” versiyasında kifayət qədər yeni məzmun əlavə olunacaq.
Qrafikaya gəldikdə isə oyununun hələ ilkin mərhələdə olmasına baxmayaraq, canlı yayımda təqdim olunan qeympleydən onun müasir tələblərə cavab verəcəyi aydın olur.
“Dead Space Remake” ilə əlaqədar canlı yayımdan əsas qeympley görüntülərini təqdim edirik:
Müasir oyun mühərrikinin bütün imkanlarından faydalanmağa çalışan studiya döyüş səhnələrinə rəng qatmaq üçün oyun fizikasını da xeyli təkmilləşdirib. Belə ki, nekromorflara xəsarət yetirərkən tək bədən üzvlərini ayırmaq yox, həm də onların dərisini zədələmək olur. Belə olduğu halda nekromorfların bədən üzvləri həm bədəndən tam, həm də qismən ayrıla bilər.
Yeri gəlmişkən, onu da qeyd edək ki, orijinal trilogiyada Ayzek personajını səsləndirən və canlandıran Qanner Rayt bu dəfə də öz roluna geri dönəcək.
“Dead Space Remake” oyununun gələn ilin ikinci yarısında PC, PS5 və Xbox Series X|S platformalarına buraxılacağı ehtimal olunur.