Activision Blizzard yaydığı məlumatda “Diablo IV” və “Overwatch 2” oyunlarının daha çox təkmilləşdirilməyə ehtiyacı olduğu üçün onların buraxılışlarının təxirə salındığını bildirib
Activision Blizzard şirkətinin iki ən tanınmış oyununun dəqiq buraxılış tarixi elan olunmasa da, 2022-ci ildə buraxılacağı güman olunurdu. Bu gün isə şirkətin verdiyi rəsmi məlumatda “Diablo IV” və “Overwatch 2” oyunlarının buraxılışının təxirə salındığı qeyd olunub. Görünür, yaxın gələcəkdə bizə bu oyunları oynamaq qismət olmayacaq.
Şirkət təxirə salınma qərarını çətinliklə qəbul etdiyini etiraf etsə də, bunun hər iki layihəyə müsbət təsir edəcəyinə əmin edir.
Təəssüf ki, hazırda Activision Blizzard şirkəti heç də yaxşı dövrünü yaşamır. Son zamanlar şirkət ətrafında dövr edən qalmaqallara görə bir neçə vacib vəzifəli şəxslər artıq şirkəti tərk edib. Tanınmış jurnalist Ceyson Şrayerin verdiyi məlumata görə isə Blizzard şirkətinin rəhbərlərindən biri Cen Onil tutduğu vəzifəni tərk edib. Hazırda şirkətin bütün yükü Mayk İbarranın üzərindədir.
Eləcə də son xəbərlərdən sonra şirkətin səhmləri xeyli ucuzlaşmağa başlayıb. Ümid edirik ki, oyun sənayesinə “Diablo”, “Warcraft”, “Starcraft” və “Overwatch” kimi möhtəşəm oyunları bəxş edən şirkət bu çətinliklərin öhdəsindən gələ biləcək.