“Electronic Arts” “EA PLAY 2019” təqdimatından əsas məqamlar
Bildiyiniz kimi, “EA” şirkəti bu il keçiriləcək “E3 2019” tədbirindən imtina etmişdi. Bu səbəbdən 08.06.2019-cu il tarixində “EA” ayrıca təqdimat keçirdi. Təqdimat zamanı ardıcıl olaraq yayımda “Star Wars: Jedi Fallen Order”, “Apex Legends”, “Battlefield V”, EA SPORTS – “FIFA 20”, “Madden NFL 20” və “Sims 4” oyunları barədə məlumat verildi.
Gəlin bu məqamlara bir-bir nəzər salaq:
Star Wars: Jedi Fallen Order
İlk əvvəl onu qeyd edim ki, “Star Wars: Jedi Fallen Order” 15.10.2019-cu il tarixində PC, PS4 və Xbox One platformaları üçün buraxılacaq. 08.06.2019-cu il tarixində isə ilk dəfə olaraq bu oyunun ~15-dəqiqəlik gameplay-i təqdim olundu. Elə bu andan hamı oyunda bir qədər “Dark Souls” mexanikasının olduğunu iddia etməyə başladı. Əgər gameplay-ə diqqət etsək, bu mülahizələrin bir qədər doğru olduğunu görə bilərik. Belə ki, bu oyunda rəqibləri bir qədər düşünərək müəyyən taktika əsasında məğlub etmək lazımdır. Çünki, eynilə “Dark Souls” ruhunda olan oyunlar kimi, “Star Wars: Jedi Fallen Order”-də də diqqətlə oynamadıqda istənilən rəqib sizi məğlub edə bilər. Oyunu bir qədər çətin edən məqamlardan biri də odur ki, can (HP) regenerasiya etmir. Canı doldurmaq üçün xüsusi konteynerlərdən istifadə etməlisiniz. Eləcə də oyun proqresini yaddaşa vermək üçün nəzərdə tutulmuş xüsusi nöqtələrdə meditasiya edərək canı doldurmaq olar. Oyunda işıq qılıncını rəqiblərə atmaq kimi funksiya olduğundan bəzilərinə sonuncu “God of War” oyununu da xatırladıb.
“Star Wars: Jedi Fallen Order”-də hadisələr Brekka planetindən başlayır və baş qəhrəman Kel Kestisin ətrafında cərəyan edir. Oyun yarım açıq dünya olduğundan ətraf mühitlə münasibətdə qismən azadlıq mövcuddur. Bütün bunlardan əlavə oyunçunun, özündə olan işıq qılıncının xarici görüşünü, “The Stinger Mantis” adlanan kosmik gəminin belə xarici görünüşünü dəyişmək olar.
Star Wars: Jedi Fallan Order gameplay

Apex Legends
EA PLAY 2019-da “Apex Legends” oyununun 2-ci sezonuna iyul ayının 2-si start veriləcəyi qeyd olundu. Oyunda yeni “L-Star” adlanan silah meydana gələcək. Bu silahı yalnız xüsusi konteynerlərdən əldə etmək olacaq. “L-Star” oyun xəritəsində tapdığınız istənilən güllələri emal edərək plazmaya (öz sursatına) çevirmək qabiliyyətinə malikdir. Oyuna yeni skinlər (xarici görünüş), 6 səviyyəli reytinq sistemi və yeni personaj əlavə olunacaq. Skinlər əvvəlki modellərə nisbətən daha realistik olacaq. Reytinq sisteminin birinci pilləsi bürünc və sonuncu pilləsi “Apex Predator” olmaqla ümumilikdə 6 səviyyədən ibarət olacaq.
Yeni personaj “Natali Peket – Wattson” peşəsinə görə mühəndisdir. Hazırda döyüşlərin baş verdiyi arena – döyüş meydanı onun atası tərəfindən tikilib. Wattson əsasən “support” olsa da, komanda yoldaşlarının qalxan müdafiəsini bərpa etməklə yanaşı, müdafiə xarakterli elektrik hasarlar yarada və rəqib komandanın mərmilərini zərərsizləşdirə biləcək. Passiv bacarığı “Spark of Genius” adlanır və xüsusi sürətləndiriciləri maksimum effektiv edir.


Battlefield V
“Battlefield V”-in gələcək 4-cü və 5-ci fəsilləri barədə məlumat verildi.
“Defying the Odds” adlı 4-cü fəsilə 27.06.2019-cu il tarixdə start veriləcək. 4-cü fəsildə oyunçular 5 yeni xəritə gözləyir. Bunlar: “Al Sundan”, “Marita”, “Provence”, “Lofoten Islands” və “Operation Undergraund” xəritələridir. Sonuncu 2019-cu ilin oktyabr ayında əlavə olunacaq. Avqust ayında oyunçu səviyyəsinin son həddi 50-dən 500-ə qaldırılacaq. Sentyabr ayında isə oyunçulara şəxsi serverlərini yaratmaq imkanı veriləcək.
5-ci fəslin 2019-cu ilin payız aylarında başlanacağı, hadisələrin Yaponiyada cərəyan edəcəyi, hərbi dəniz texnologiyasının, yeni “M1 Garand” silahının və 3 yeni xəritənin əlavə olunacağı barədə məlumat verildi. Əlavə olunacaq xəritələrdən hələki yalnız birinin adı məlumdur – “Iwo Jima”

FIFA 20
“FIFA 20” oyununun əvvəlki “FIFA” futbol oyun seriyalarına nisbətən daha geniş imkanlara malik olmasına baxmayaraq barəsində çox az məlumat verildi. Daha doğrusu oyunu buraxılışadək aktual saxlamaq üçün elanları bölüşdürüblər.
Ümumi deyiləndən belə başa düşmək olar ki, oyun fizikası bir qədər dəyişəcək və reallığa uyğunlaşdırılacaq. Bu isə oyun sürətinə təsir edəcək (azalacaq, yoxsa artacaq – bilinmir). Ətraf mühit daha realistik təsvir olunacaq, yeni fintlər əlavə olunacaq. Süni intellekti bir qədər daha zəkalı edəcəklərinə söz verirlər ki, oyun bir qədər dinamik olsun. Topun fizikasına da toxunulacaq və hər hansı bir maneəyə dəyib qayıtması reallığa daha da uyğunlaşdırılacaq. Qapıçı ilə təkbətək qarşılaşmada hər iki tərəfin (hücum və müdafiə) imkanları genişləndiriləcək. “FIFA 20”-də küçə futbolu geri dönür. “Volta” barədə ətraflı məlumat avqust ayında paylaşılacaq.
Oyundakı qrafik göstəricilərin əvvəkli seriyaya nisbətən daha təkmil olmasını qeyd etməyə belə ehtiyac yoxdur. Ümid edirik ki, bu xüsusiyyətlərlə oyun düzgün və vaxtında optimallaşdırılacaq.
FIFA 20 oyununun treylerini Sizə təqdim edirik:
Madden NFL 20
Amerikan futbolunun bir bölməsi olan “NFL”-də yeni oyun seriyasının karyera rejimi NFL ulduzu Patrik Mahoumsun tarixindən bəhs edir. “Madden NFL 20”-də onlayn və oflayn rejimlər mövcuddur. Digər təqdim olunan oyunlar kimi bu oyunda hər üç – PC, PS4 və Xbox One platformaları üçün buraxılacaq. Buraxılış tarixi 02.08.2019-cu il tarixinə nəzərdə tutulub.
Madden NFL 20 oyununun treylerini Sizə təqdim edirik:
https://www.youtube.com/watch?v=0MVNCFoeD9I
Sims 4
21.06.2019-cu il tarixində “Sims 4” üçün yeni oyun əlavəsi buraxılacaq. Yay istirahətinin hər növünü, su pəriləri və dənizin dərinlikəri ilə tanışlığı özündə cəmləşdirən yeni əlavədə simlər tropik adada yerləşən Sulani şəhərciyində olacaqlar.
EA PLAY 2019 təqdimatının tam yayımını Sizə təqdim edirik: