Yeni Dead Space oyunu yalnız yeni nəsil konsollar və PC platforması üçün buraxılacaq
22 iyul tarixində keçirilən EA Play Live konfransında yeni “Dead Space” oyunu təqdim olunub. Ümumilikdə bu konfransın ən yadda qalan anı olub.
Xatırladaq ki, “Dead Space” oyun seriyasının birinci hissəsi 2008-ci ildə PC, PS3 və Xbox 360 platformalarına buraxılıb. Seriyanın üçüncü hissəsindən (2013) sonra isə EA şirkəti bu layihəyə marağını itirmişdi. Baxmayaraq ki, “Dead Space 3” oyunçular və kritikləri tərəfindən kifayət qədər yüksək qiymətləndirilmişdi, oyunun satış statistikası EA şirkətini qane etməmişdi.
EA Play Live konfransında “Dead Space” oyunu haqqında hər hansı bir məlumatın təqdim olunacağı qismən gözlənilən idi. Son zamanlar EA “Dead Space” oyun seriyasını dirildəcəyinə xeyli işarə vermişdi. Yenilənmiş oyunun tizerinin təqdim olunması isə bir çoxları üçün sürpriz oldu.
Yeni “Dead Space” 2008-ci ildə buraxılan “Dead Space” oyununun remeyk versiyası olacaq. Oyun Motive Studios tərəfindən sıfırdan Frostbite mühərrikində ərsəyə gətirilir. Frostbite mühərriki isə özü-özlüyündə təkmil oyun fizikasından xəbər verir. EA şirkətinin verdiyi məlumata görə oyunun süjeti, mexanikası təkmilləşdiriləcək və xeyli yeni məzmun əlavə olunacaq. Bütün bunlara baxmayaraq, orjinal versiyasının əsas xüsusiyyətləri qorunub saxlanacaq.
“Dead Space” oyununun remeykinin yalnız yeni nəsil konsollara (PlayStation 5 və Xbox Series X|S) və PC platformasına buraxılacağı heç də təsadüfi deyil. Yeni oyun sürətli yüklənmə və şüa izləmə (ray-tracing ing.) texnologiyalarını dəstəkləyəcək.
Bu videoçarxda isə orjinal seriyanın birinci hissəsi ilə oyunun remeyk versiyasının tizerindən görüntülər müqayisə olunur.
“Dead Space” seriyasının hekayəsi ilə tanış olmayanlar üçün isə qısa məlumat təqdim edirik:
Süjetə görə
Oyunun baş qəhrəmanı Ayzek Klark adlı mühəndisdir. O, təmir işlərinin aparılması üçün nəhəng “İşimura” kosmik gəmisinə göndərilir. Burada, Ayzek, dəhşətli mənzərə ilə qarşılaşır. Kosmik gəminin bütün heyəti ya yadplanetli infeksiyaya yoluxub, ya da ki öldürülüb. Bu vəziyyətdə, o, həm sağ qalmaq uğrunda mübarizə aparmalı, həm də baş verənləri aydınlaşdırmalıdır.