EA artıq “Codemasters”, “Glu mobile” şirkətlərini və “Slightly Mad Studios” studiyasını almaq üzrədir
Bəzi şirkətlərin pandemiya dövründə gəlirlərinin azalması səbəbilə öz işçi heyətini ixtisara salmasına baxmayaraq, EA öz şirkətini genişləndirməkdə davam edir. Onun satın aldığı şirkətlərin qiyməti isə bir neçə milyard ABŞ dolları təşkil edir.
Hazırda “Codemasters” şirkətinin EA tərəfindən satın alınması prosesinin aktiv mərhələsidir. Bu prosesin mart ayının sonlarınadək yekunlaşacağı gözlənilir. EA sözügedən şirkətin alınmasına 1.2 milyard ABŞ dolları pul ayırıb. “Codemasters” şirkətinə aid olan “Slightly Mad Studios” studiyasının da bu razılaşmaya aid olduğu qeyd olunur.
“Codemasters” şirkəti və “Slightly Mad Studios” studiyası “F1”, “DiRT”, “GRID”, “Project CARS” və “Need for Speed: Shift” kimi yarış oyunlarının müəlliflərdirlər.
EA şirkətinin bu addımı məhz yarış oyunlarının hazırlanması və buraxılması istiqamətində öz faəliyyətini gücləndirmək istəyi kimi qiymətləndirilir.

Bu həftə isə EA şirkəti “Glu Mobile” şirkətini satın alacağı barədə məlumat paylaşıb. Müqavilənin dəyəri 2.4 milyard ABŞ dolları məbləğində dəyərləndirilir.
“Glu Mobile” şirkətinin əsası 2001-ci il tarixində qoyulub. Həmin tarixdən bugünədək mobil platformalarda şirkət geniş istifadəçi kütləsinə malik olmağı bacarıb. Bu gün “Glu Mobile” ən öndə gedən mobil platforma üçün oyun yaradıcılarından biri hesab olunur.

Bununla da belə qənaətə gəlmək olar ki, EA şirkəti digər oyun şirkətləri ilə müqayisədə öz qollarını şaxələndirərək daha da çox təsir gücünə malik olmaq istəyir. EA artıq yuxarıda qeyd olunan növ şirkətlərlə rəqabət aparmır, onları satın alır. “Codemasters” və ya “Glu Mobile” kimi oyun şirkətləri olmadan belə EA yarış oyunları və ya mobil platformalar üçün oyunlar buraxırdı. Çox güman ki, burada məqsəd qeyd olunan sahələrdə tam liderliyi ələ keçirməkdir.