Tonic Games Group şirkəti artıq Epic Games şirkətinin tərkibinə qatıldı
Son zamanlar məşhurlaşan “Fall Guys: Ultimate Knockout” oyununu yaradan Mediatonic oyun studiyası Tonic Games Group şirkətinə məxsus idi. Hazırda Tonic Games Group daxili studiyası ilə birlikdə Epic Games şirkəti tərəfindən alınıb. Bu barədə məlumatı Mediatonic studiyası rəsmi Twitter hesabında da təsdiqləyib.
Epic Games bu müqavilənin gələcək layihələrinin realizəsində öz şirkəti üçün perspektivli olacağını düşünür. Mediatonic artıq tək öz oyunu yox, Epic Games oyunlarının hazırlanması və təkmilləşdirilməsi prosesində də yaxından iştirak edəcək. Hazırda “Fall Guys: Ultimate Knockout” oyununun Epic Games sisteminə inteqrasiyası üçün işlər gedir. Oyun Steam və PS Store onlayn mağazalarında olduğu kimi qalacaq və gələcəkdə adi qaydada yenilənəcək. İnteqrasiyaya gəldikdə isə Epic Games “Fall Guys: Ultimate Knockout”-a öz oyunlarında olduğu kimi hesab, kross-platforminq funksiyalarını və komandalı oyun rejimini əlavə edəcək. Eləcə də oyun bu yay Xbox One / Xbox Series X/S və Nintendo Switch platformaları üçün buraxılacaq. Bu Epic Games şirkətinin “Fall Guys: Ultimate Knockout” üçün yaxın gələcəyə nəzərdə tutduğu planlarıdır. Bir müddət sonra isə oyunun şərti-ödənişsiz olacağı da ehtimal olunur.