“Mortal Kombat” filminin ikinci hissəsinin ssenari müəllifi “Umbrella Academy” və “Moon Knight” serialları ilə tanınan Ceremi Sleyter olacaq.
Keçən il buraxılan yeni “Mortal Kombat” filmi Yer kürəsi və “o biri dünya” döyöşçülərinin ölümcül döyüş hekayəsinə yeni nəfəs verməli idi. Təəssüf ki, premyeradan sonra film tənqidçiləri və izləyicilərin bir çoxunun film haqqında fikirləri olduqca neytral idi. Buna baxmayaraq “Mortal Kombat” HBO Max servisində yayımlanmağa başlayan zaman izləmə reytinqinin ən yüksək pillələrinə qalxmağı bacarmışdı.
Xatırladaq ki, filmin dünya miqyasında kassası təqribən 80 milyon ABŞ dolları təşkil edir.
Dünən “Deadline” portalı paylaşdığı məqalədə “New Line” tərəfindən filmin ardının çəkilişlərinə icazə verildiyini qeyd edib. Bu dəfə “Mortal Kombat”ın ssenari müəllifi Ceremi Sleyter (Jeremy Slater ing.) olacaq. Sleyter artıq “Umbrella Academy” serialı ilə özünə kifayət qədər rəğbət qazana bilib. Ssenaristin növbəti işi isə 30 mart tarixində premyerası baş tutacaq eyniadlı Marvel superqəhrəmanına həsr olunan “Moon Knight” serialıdır.