“Frostpunk 2” oyununda hadisələr neft dövründə cərəyan edəcək.
Oyunun birinci hissəsinin uğurlarından ilhamlanan 11 bit studios “Frostpunk 2” oyununu anons edib. Əgər birinci hissədə hadisələr kömür dövründə cərəyan edirdisə, bu dəfə neft dövründə cərəyan edəcək.
“Frostpunk” seriyasının əsas xüsusiyyəti özündə həm şəhərsalma, həm də sağ qalma simulyatoru janrlarını birləşdirməsidir. Burada oyunçu çətin və acınacaqlı bir vəziyyətdə olan oyun dünyasına səyahət edir. Məqsəd məhv olmaq üzrə olan sivilizasiyanı qoruyub saxlamaq və inkişaf etdirməkdir.

Oyunun birinci hissəsində olduğu kimi ikinci hissədə də dünya buzlaşma dövrünü yaşayır. “Frostpunk 2” birinci hissənin birbaşa davamı olmasa da, eyni ideya üzərində ərsəyə gətirilir. Buna baxmayaraq, yaradıcının sözlərinə görə oyuna kifayət qədər yeni imkanlar əlavə olunacaq və oyun mexanikası təkmilləşdiriləcək.
Təəssüf ki, “Frostpunk 2” oyununun buraxılış tarixi məlum deyil. 11 bit studios növbəti layihəsi haqda qısaca məlumat verməklə və anons treylerini təqdim etməklə kifayətlənib.
Hazırda oyunu Epic Games Store, GOG və Steam rəqəmsal mağazalarında arzulanan oyunlar siyahısına əlavə etmək mümkündür.