E3 2021 sərgisi 12-15 iyun tarixlərində keçiriləcək
Bu il 12-15 iyun tarixlərində keçiriləcək E3 2021 sərgisində bizi ənənəvi olaraq yeni anonslar və digər maraqlı məqamlar gözləyir.
Xatırlayırsınızsa, bu il sərginin koronavirus pandemiyası səbəbindən onlayn formatda keçiriləcəyi ilə bağlı sizə məlumat vermişdik. Eləcə də sərgidə iştirak edən şirkətlərin siyahısı ilə sizinlə bölüşmüşdük. 1995-ci ildən etibarən hər il yaz-yay aylarında keçirilən E3 sərgisi ilk dəfə 2020-ci il tarixində təxirə salınmışdı. 2018-ci il tarixindən fəaliyyət göstərən Azərbaycan Əyləncə və Oyun İcması – “GGC” son illər ərzində keçirilən E3 sərgilərində təqdim olunan bütün yeniliklərlə bağlı geniş məqalələr tərtib edərək sizinlə paylaşır. Bütün bunlara baxmayaraq, əvvəllər E3 sərgisinin rəsmi iştirakçısı olmadığımız üçün biz bütün məlumatları ikinci mənbədən əldə etməli olurduq.
Yarandığı tarixdən etibarən ilk dəfə “GGC” E3 2021 sərgisinin rəsmi iştirakçısı olacaq. Sözsüz ki, bizim üçün belə bir imkanın yaranmasının əsas səbəbi sərginin onlayn formatda keçirilməsi oldu. Bu imkandan yararlanaraq sərgi ilə əlaqədar son xəbərləri mümkün qədər tez sizinlə paylaşacağıq.