“Halo Infinite” oyununun çox nəfərlik rejimindən “Streets” oyun xəritəsi nisbətən yaxın və dinamik döyüşlər üçün nəzərdə tutulub
Microsoft və 343 Industries tərəfindən PC və Xbox platformaları üçün ərsəyə gətirilən birinci şəxs perspektivli şuter “Halo Infinite”nin buraxılışına artıq bir aydan az müddət qalıb. Əlbəttə ki, məhz bu məqam studiyanın oyunla əlaqədar tədricən daha çox material paylaşmasını izah edir.
“IGN” portalının rəsmi YouTube kanalında təqdim olunan yeni video çox nəfərlik rejimdən “Streets” xəritəsinin ilk qeympley görüntülərini ehtiva edir. Oyun xəritəsi Yeni Mombasa şəhərindən əsasən qapalı və dar məkanları əhatə edir. Qeyd olunan məqamlar “Streets” oyun xəritəsinin nisbətən daha yaxın və dinamik qarşılaşmalar üçün nəzərdə tutulduğuna işarə edir. Qeympley videosunda oyun xəritəsində qaranlıq hava şəraiti müşahidə olunur, lakin hava şəraitinin dəyişkən olması da istisna deyil.