Növbəti həftənin dördüncü gününədək Epis Games Store istifadəçiləri “Jotun: Valhalla Edition”, “Redout: Enhanced Edition” və “Prey” oyunlarını ödənişsiz əldə edə bilərlər.
Bu həftə Epic Games öz rəqəmsal mağazasında istifadəçilərinə 3 oyunu pulsuz təklif edir. Adətən növbəti həftə pulsuz paylanılması planlaşdırılan oyunların adını öncədən bilsək də, bu dəfə Epic Games oyunun adını gizli saxlamağı qərara alıb. Görünür, gələn həftə istifadəçiləri daha maraqlı sürpriz gözləyir.
İndi isə, gəlin, bir qədər yaddaşımızı təzələyək. “Jotun: Valhalla Edition”, “Redout: Enhanced Edition” və “Prey” oyunları haqqında aşağıdakı qısa məlumatı sizə təqdim edirik:
Jotun: Valhalla Edition
Oyun Thunder Lotus tərəfindən ilk dəfə 2019-cu ildə Unity platformasında ərsəyə gətirilib. Macəra, ekşen janrlarındadır və tapmaca elementlərini özündə ehtiva edir. Oyun skandinaviya mifologiyasından bəhs edir. Hekayəyə görə baş qəhrəman Tora adlı vikinq dünyasını dəyişdikdən sonra Valhallaya layiq olduğunu tanrılara sübut etməlidir.
Redout: Enhanced Edition
Oyun 34BigThings SRL tərəfindən ilk dəfə 2016-cı ildə Unreal Engine 4 mühərrikində ərsəyə gətirilib. Daha sonra isə oyunun təkmilləşdirilmiş versiyası (Redout: Enhanced Edition) buraxılıb. Yarış janrındadır.
“Redout: Enhanced Edition” həm tək nəfərlik, həm də çox nəfərlik oyun rejimlərini dəstəkləyir.
Prey
Oyun Arkane Studios və Bethesda Softworks tərəfindən 2017-ci ildə CryEngine 4 mühərrikində PC, PS4 və Xbox One platformaları üçün ərsəyə gətirilib. Birinci şəxs perspektivli şuter və macəra janrlarındadır. Yalnız tək nəfərlik süjet kampaniyasından ibarətdir.
Hekayəyə görə baş qəhrəman Morqan Yu “Talos-1” kosmik stansiyasında tədqiq olunan və faciə ilə nəticələn eksperimentlərin Yer Kürəsinə fəsadlarının qarşısını almaq üçün stansiyanı məhv etməlidir.