Ədalət Liqası (Justice League) filminin Zak Snayder versiyası HBO Max servisinə yayımlanacaq
Ədalət Liqası filminin premyerası 17.11.2017-ci ildə tarixində olmuşdur. Bu filmin mövzusu bir qədər Marvel Studios film şirkətinə məxsus Qisasçılar (Avangers) filmini xatırladır. Çox güman ki, bu günədək artıq bir çoxları DC Comics-ə məxsus Ədalət Liqası filmini izləyib. Qeyd edək ki, komikslərində Marvel komikslərindən heç də geridə qalmayan DC Comics-in film dünyasındakı rəqabəti keçmiş təcrübəyə nəzər yetirdikdə bir qədər uğursuz olduğu şübhəsizdir. Təəssüf ki, 2017-ci ildə kinoteatrlarda yayımlanan “Ədalət Liqası” filmi bir çox məqamlarda haqlı olaraq tənqidə məruz qaldı. Lakin, kinoteatrlarda yayımlanan bu filmin rejissor Zak Snayderə məxsus olan versiyası olmadığı da hər kəsə məlum idi. Rejissorun öz sözlərinə görə isə kinoteatrlarda yayımlanan Ədalət Liqası filmi orjinalın təxminən 1/4 hissəsini təşkil edirdi. Məhz buna görə də, fanatların çoxsaylı istəklərini nəzərə alan rejissor Zak Snayder və bu ideyada onu dəstəkləyən komandası və Warner Bros. şirkətinin dəstəyi ilə filmin orjinal, yəni təxminən 4 saatlıq xronometraja malik olan versiyasının rəsmi olaraq 2021-ci ildə HBO Max servisində yayımlanacağı təsdiqləndi.

Ədalət Liqası filminin tam versiyasında müəyyən spesifik effektlər hələ tam hazır olmadığından filmin ərsəyə gətirilməsi üçün yenidən “köhnə” komanda yığılaraq filmdəki bəzi məqamları daha dolğun etməyə çalışacaqlar. Bütün bunların həyata keçirilməsi üçün filmə təxminən 30 milyon dollar pul ayrılacaq.
Çox güman ki, filmin HBO Max servisində dəqiq yayımlanacağı tarixi biz film üzərində işlərin tam bitdiyi vaxtdan sonra biləcəyik.