Oyun qəhrəmanı Sonik yenidən ekranlara qayıdır. İkinci filmin premyerası 08.04.2022-ci il tarixinə təyin olunub.
SEGA tərəfindən ərsəyə gətirilmiş “Sonic the Hedgehog” oyun seriyasının baş qəhrəmanı Sonik (Sonic ing.) adlı qeyri-adi kirpi ilk dəfə 1991-ci ildə buraxılan eyniadlı oyunda meydana gəlir. Personaj Naoto Osima və Yuji Naka tərəfindən yaradılıb. Meydana gəldiyi ilk günlərdən oyunçuların sevimlisinə çevirilən yüksəksürətli kirpi obrazı illər keçdikcə daha da məşhurlaşmış və artıq video oyun sənayesi çərçivələrindən kənara çıxmağa başlamışdır. Belə ki, günümüzdə Sonik haqqında komikslər, kitablar, cizgi filmi serialı və film mövcuddur. Sonikə həsr olunmuş ilk filmin premyerası 2020-ci il tarixində baş tutub.
Xatırladaq ki, 2020-ci ildə buraxılan filmin ilk treylerində kirpinin xarici görünüşü kütləvi tənqidə məruz qaldığına görə film şirkəti onun animasiyasını dəyişmişdi.
Sonikə həsr olunmuş ikinci filmin çəkiliş meydançasından yayılan fotolarda Naklz (Knuckles ing.) və Teyls (Tails ing.) personajlarının modelləri əks olunub.
Bu fotolar onu deməyə əsas verir ki, Sonikdən başqa təsvir olunan daha iki personaj da filmdə iştirak edəcək. Birinci filmin sonunu nəzərə alsaq, yəqin ki, ikinci hissədə də Sonik və dostları Doktor Eqqmana (Dr. Eggman ing.) qarşı mübarizə aparacaqlar.
Çəkiliş meydançasından yayılan digər fotolar da, çox güman ki, filmdə öz əksini tapacaq eyni səhnədəndir.