Electronic Arts Hazelight Studios-un növbəti kooperativ “It Takes Two” oyununun yeni rəngarəng qeympley videosunu təqdim edib
Yosef Faresin əsasını qoyduğu və rəhbərlik etdiyi Hazelight Studios əvvəllər iki nəfərlik “A Way Out” kooperativ oyunu ilə yadda qalmışdı. 2013-cü ildə buraxılan kritiklər və oyunçular tərəfindən müsbət qarşılanan “Brothers: A Tale of Two Sons” oyunu da məhz Yosef Faresin adı ilə bağlıdır.
Bunu yazmaqda məqsədimiz Y.Faresin rəhbərliyi ilə ərsəyə gətirilən oyunların keyfiyyətli olması və hər bir oyunun kiçik süjet kampaniyasından ibarət olmasına baxmayaraq öz qəlbinin olması barədə sizdə təsəvvür yaratmaqdır.

“It Takes Two” tamamilə kooperativ, yəni iki nəfər oyunçunun oyun prosesində birgə iştirakına söykənən bir oyundur. 26.03.2021-ci il tarixində PC, Xbox One, Xbox Series X/S, PS4 və PS5 platformaları üçün buraxılacaq. Gələn ay ərzində bu oyun haqqında ayrıca məqalədə sizə daha ətraflı məlumat verəcəyik.
Electronic Arts şirkətinin rəsmi YouTube hesabında paylaşdığı qeympley videosundan da görünür ki, “It Takes Two” oyunçulara bir-birindən fərqli oyun məkanları və maraqlı qeympley elementləri təqdim edir.
“It Takes Two” oyununun qeympley videosu
“It Takes Two” platformer janrındadır. Oyun bir-birindən ayrılmağa qərar verən və kuklaya çevirilən Kodi və Mey adlı cütlüyün talehindən bəhs edir. Sehrli bir dünyada peyda olan cütlük, burada olan müxtəlif sınaqlardan birgə keçməlidirlər. Bu çətinliklər onları yenidən bir-birinə yaxınlaşdırır.
Biz “Brothers: A Tale of Two Sons” və “A Way Out” oyunlarını artıq oynamışıq. Hər iki oyunun süjet kampaniyasının, qeympleyinin olduqca maraqlı və dinamik olması ilə yanaşı mənəvi dəyərlərə xüsusi yer ayırdığı üçün bizim tərəfimizdən də yüksək qiymətləndirilir.
GGC tövsiyə edir!