“Arcane” animasiya serialının ilk seriyası 7 noyabr tarixində “Netflix” servisində yayımlanacaq
Yəqin ki, çoxunuz strategiya janrında olan MOBA “League of Legends” ilə artıq tanışsınız. Oyun dünyası ilə maraqlananlar bu oyunu oynamasalar da, çox güman ki, adını eşidiblər. Çünki “League of Legends” oyununun buraxılışdan nə az, nə çox – düz 12 il ötüb. Riot Games tərəfindən 2009-cu ildə ərsəyə gətirilən “League of Legends” hələ də dövrümüzün ən məşhur onlayn oyunlarından biri olaraq qalır.
Riot Games və Netflix şirkətlərinin birgə əməyi nəticəsində ərsəyə gətirilən “Arcane” serialında hadisələr “League of Legends” kainatında cərəyan edir. Bu serialda oyunun həvəskarlarını xeyli tanış obrazlar, digərlərini isə ən azından keyfiyyətli bir animasiya gözləyir. İkincinin şahidi olmaq üçün isə sadəcə treyleri izləmək kifayətdir:
7 noyabrda “Netflix” servisində “Arcane”nin ilk üç seriyasının buraxılacağı planlaşdırılır. İlk seriyaların baş qəhrəmanları isə “Jinx” və “Vi” personajları olacaq.
Ümumən serial üç hissədən, hər hissə isə üç seriyadan ibarət olacaq. Hazırda serialda oyundan “Heimerdinger”, “Ekko”, “Caitlyn”, “Jayce” və “Viktor” kimi personajların, eləcə də “Vander” və “Silko” kimi yeni obrazların olacağı bəllidir.
Süjetə görə
İlk seriyalarda hadisələr əsasən yoxsul Zaun və varlı Piltover şəhərlərində cərəyan edəcək. Bu iki şəhər bir-birindən sakinlərinə və inkişaf səviyyəsinə görə xeyli fərqlənsə də, onlar arasında daim müəyyən tarazlıq mövcud olur. Əlbəttə ki, son hadisələrədək. Sehrli enerjini idarə etməyə imkan verən yeni kəşf olunan “hextech” texnologiyası bu tarazlığa son qoyur.