Lies of P “souls-like” tipli oyun olmaqla uşaq nağıllarının qəhrəmanı olan Pinokkionun yeni qaranlıq hekayəsindən bəhs edir.
Cənubi Koreyanın Round 8 Studio oyun studiyası tərəfindən ərsəyə gətirilən “Lies of P” oyunu öz əsasını uşaq nağıllarının qəhrəmanı Pinokkio hekayəsindən götürür. Yəqin ki, əksəriyyətiniz Pinokkio əhvalatını oxumasanız da, cizgi filmini izləmisiniz. Bu obraz yalanın rəmzi hesab olunur. Çünki taxta materiallardan hazırlanan və canlanan kukla Pinokkio hər dəfə yalan danışdıqca onun burnu uzanmağa başlayır. Yaradıcı studiyanın sözlərinə görə bu oyunda da Pinokkionun danışdığı hər yalan ona mənfi təsir göstərəcək.
İlk görüntülərindən bəlli olur ki, orjinal hekayə ilə müqayisədə bu oyunda hadisələr qaranlıq və qəddar dünyada cərəyan edir. Pinokkio ilə yanaşı onun mübarizə apardığı məxluqlar da sanki canlanmış manekenləri xatırladırlar.
Oyun mexanikası və qeympleyinə görə “souls-like” (Dark Souls, Sekiro, Bloodborn və s. bu növ oyunlara bənzəyən) hesab olunur. Bu isə artıq o deməkdir ki, oyunçuları “Lies of P”də xeyli çətin sınaqlar gözləyir.
IGN portalının rəsmi YouTube kanalında təqdim olunan qeympley treylerində oyun qeympleyinin əsas elementi olan döyüş səhnələri əks olunub. Treylerdə həmçinin müasir qrafikalı qaranlıq oyun dünyası və əsas personajla olan səhnələrə də kifayət qədər yer ayrılıb.
“Lies of P” oyununun dəqiq buraxılış tarixi məlum olmasa da, 2023-cü ildən tez olmayaraq PC, PS5 və Xbox Series X|S platformaları üçün buraxılacağı gözlənilir.