4A Games “Metro: Exodus” oyununu PC, PlayStation 5 və Xbox Series X/S platformaları üçün yeniləyəcək
Bu barədə məlumatı yaradıcı studiya 4A Games rəsmi saytında paylaşıb. “Metro: Exodus” oyunu ilk buraxıldığı gündən şüa izləmə (ray tracing) qrafik funksiyasına malik olsa da, yaradıcı studiyanın sözlərinə görə PlayStation 5 və Xbox Series X/S – yeni nəsil konsolların şüa izləmə funksiyasını dəstəkləməsi ilə bu məsələ yenidən gündəmə gəlib. Belə ki, oyun qrafikası yeni nəsil konsollar və PC platforması üçün mümkün qədər təkmilləşdirilərək bu gün Nvidia və AMD videokartlarının istifadəçiyə verə biləcəyi maksimuma hədəflənmişdir.

PC platformasında oyunun yeni versiyası “Metro: Exodus Enhanced Edition” adlanacaq. PC platforması üçün versiyanın yaz aylarında, yeni nəsil konsollar üçün isə bu ilin sonlarınadək buraxılacağı gözlənilir. Oyunun əsl versiyasını əvvəl alan şəxslər yeni versiyanı tamamilə ödənişsiz əldə edə biləcəklər.
“Metro: Exodus” oyununu PC platforması üçün daha geniş yenilənmə gözləyir. 4A Games şirkəti bu sözləri PC platformasında “tam şüa izləmə” (fully ray tracing), DLSS 2.0 (ağıllı hamarlama) oyun qrafikası funksiyalarının dəstəklənəcəyi ilə əsaslandırır. Digər təkmilləşdirilmiş qrafik göstəricilərini isə PlayStation 5 və Xbox Series X/S platformaları da dəstəkləyəcək.

Yaradıcı “Metro: Exodus” oyununun yenilənmiş versiyasının PlayStation 5 və Xbox Series X platformalarında 4K ölçü görüntüsündə stabil 60 FPS dəstəkləyəcəyini bildirirlər.