“Metro: Exodus” oyununun təkmilləşdirilmiş versiyası 6 may tarixində buraxılacaq və şüa izləmə funksiyalarını dəstəkləyəcək
Bu barədə məlumat 4A Games oyunun rəsmi saytında paylaşıb. Təkmilləşdirilmiş versiya “Metro: Exodus PC Enhanced Edition” adı altında ayrıca oyun olaraq buraxılacaq. Bunun səbəbi yeni versiyanın özündə irihəcmli əlavə qrafik funksiyaları ehtiva etməsidir. Lakin “Metro: Exodus” oyununun sahibləri təkmilləşdirilmiş versiyanı Steam, Epic Games Store, Good Old Games və Microsoft Store onlayn mağazalarında heç bir ödəniş etmədən əldə edə biləcəklər.
Bütün bunlarla yanaşı əvvəlki versiyada yaddaşda müəyyən oyun proqresi olan oyunçuların proqresi yeni versiyaya da keçəcək.


2019-cu ildə buraxılmış “Metro: Exodus” belə şüa izləmə (ray-tracing ing.) texnologiyasını dəstəkləsə də, təkmilləşdirilmiş versiyada bu texnologiyanın imkanları daha da genişləndirilib. Əlbəttə ki, “Metro: Exodus PC Enhanced Edition” oyununu başlatmaq üçün RTX seriyasından olan videokart tələb olunacaq. Xüsusilə NVIDIA videokartlarının RTX seriyası üçün DLSS 2.0 funksiyası əlavə olunub. Bu isə öz növbəsində daha yüksək kadr tezliyi və detallı görüntünü təmin edəcək. 4A Games şirkətinin verdiyi məlumata bu versiyada əsas üstünlük qlobal işıqlandırma texnologiyasının təkmilləşdirilməsinə verilib.


O ki qaldı sistem tələblərinə, burada vəziyyət o qədər də kritik deyil. “Metro: Exodus PC Enhanced Edition” minimum 1080p və 45 FPS göstəricilərində oyun üçün 4 nüvəli mərkəzi prosessor, 8 Gb RAM və Nvidia RTX 2060 videokartını tələb edir.

Təkmilləşdirilmiş versiyanı artıq Digital Foundry sınaqdan keçirərək YouTube kanalında 40 dəqiqəlik müqayisəli qeympley videosu paylaşıb. Videonu sizə təqdim edirik: