Əqdin dəyəri 7.5 milyard ABŞ dollarıdır
Microsoft şirkətinin bağladığı yeni əqdə görə, Bethesda Microsoft şirkətinin tərkibinə qatılacaq. Bu prosesin baş tutması üçün isə şirkətlər arasında bağlanan əqd bir neçə mərhələdən ibarət antiinhisar nəzarətindən keçməli idi. İlk olaraq ABŞ-ın antiinhisar xidməti tərəfindən təsdiqlənən əqd sonradan Avropa Komissiyasının antiinhisar xidməti tərəfindən də təsdiqləndi.
Qeyd edək ki, Bethesda ZeniMax Media-nın törəmə şirkətidir. Yəni, bağlanan əqd faktiki olaraq ZeniMax Media və Microsoft arasında bağlanır. İlkin məlumata görə Microsoft-un ZeniMax Media şirkətini özünə birləşdirməsi prosesi yeni yaradılan Vault törəmə şirkəti vasitəsilə həyata keçiriləcək.

Xatırladaq ki, Bethesda şirkəti oyun sənayesinə əvəzolunmaz töhfə verən bir sıra parlaq oyunların müəllifidir. Buna misal olaraq “The Elder Scrolls”, “Doom”, “Fallout”, “Wolfenstein”, “Dishonored” və s oyun seriyalarını sadalamaq olar.
Hazırda 7.5 milyard ABŞ dolları məbləğində dəyərləndirilən birləşmə əqdi üzrə proses yekunlaşmaqdadır. Çox güman ki, sonda Microsoft bu barədə rəsmi məlumat verəcəkdir.