Genshin Impact oyununun 2.0 versiyasına xeyli yeni məzmun əlavə olunub. Yeni versiya 21 iyul tarixində buraxılacaq.
Çin oyun studiyası miHoYo tərəfindən ərsəyə gətirilən “Genshin Impact” oyunu ekşen/rol oyunu (action/RPG ing.) janrının ən məşhur oyunlarından biri sayılır. Qısa müddən ərzində nəhəng oyunçu kütləsi yığmağı bacaran “Genshin Impact” daim miHoYo studiyası tərəfindən yeni məzmunla dəstəklənir. Bu dəfə isə oyunçuları genişmiqyaslı bir yenilənmə gözləyir.

“Genshin Impact 2.0” versiyasına yeni oyun xəritələri, süjet üçün yeni məzmun, yeni personajlar və tam krosspley texnologiyası əlavə olunub.
Yeni oyun xəritəsi İnazuma adlanır. Sayca bu oyunun 3-cü regionudur. Bu xəritədə hər birinin öz hekayəsi olan 6 ada mövcuddur. Bununla yanaşı İnazumada hava şəraiti vaxtaşırı dəyişir.
2.0 versiyası ilə oyuna Ayaka, Yoimiya və Sayu adlı personajlar əlavə olunub.
Ən əsas yenilənmələrdən biri isə oyunun bundan sonra tam krosspley texnologiyasını dəstəkləməsidir. Bu isə o deməkdir ki, oyunçular öz oyun proqreslərini PC, Android, iOS və PS5 / PS4 platformaları arasında daşıya biləcəklər.
Yeni versiya ilə PlayStation istifadəçiləri üçün bir neçə yeni kubok və DualSense qeympadının imkanını dəstəkləyən funksiyalar əlavə olunacaq.