Hazırda bu barədə məlumatlar müxtəlif mənbələrdə öz əksini tapır. Nintendo şirkəti bu informasiyanı hələ ki, rəsmi olaraq təsdiqləməsə də, bəzi xəbərlər buna işarə edir.
Mövcud şayələrə görə yeni Switch konsolu 720p ölçüsünü dəstəkləyən daha böyük OLED displeyə malik olacaq. Bu displeyin konsolun enerji ehtiyatına qənaət edəcəyi və oyun zamanı daha effektiv olacağı güman edilir. Bununla yanaşı konsol qoşulduğu televizora 4K ölçülü görüntü ötürmək funksiyası ilə təchiz olunacaq.
Nintendo şirkətinin bu barədə yay aylarında anons edəcəyi gözlənilir.

Digər bir məlumata görə isə Nvidia şirkəti hazırda Nintendo Switch konsolları üçün istehsal etdiyi Tegra X1 çipinin istehsalını bu ilin sonlarınadək birdəfəlik yekunlaşdıracaq. Əgər bu həqiqətən də belə olsa, şayələr reallıqda öz təsdiqini tapmış olar.
Hər bir halda sözügedən şayələr Nintendo şirkətinin yeni model konsol yox, mövcud Switch konsolunun daha təkmilləşdirilmiş versiyasının buraxılacağından bəhs edir.
Bir daha qeyd edirik ki, bu rəsmi məlumat deyil və heç bir Nintendo şirkətinin rəsmisi tərəfindən təsdiqlənməyib.
Mənbələr: Gamecreator, Bloomberg, İgromania