Nvidia RTX 3050 və 3050 Ti videokartlarının yalnız noutbuklar üçün versiyaları təqdim olunub
Hər iki videokart 4 Gb GDDR6 videoyaddaş ilə təchiz olunub və RTX seriyasına xas olan şüa izləmə (ray-traycing ing.) texnologiyasını dəstəkləyir. RTX 3050 Ti videokartının konfiqurasiyasına 2560 nüvəli CUDA, RTX 3050 videokartının konfiqurasiyasına isə 2048 nüvəli CUDA texnologiyası daxildir. Yuxarıda qeyd olunan videokartların tezlikləri isə ardıcıllıqla 1035-1695 MHz və 1057-1740 MHz təşkil edir.
RTX 3050 və 3050 Ti videokartları ilə təchiz olunacaq noutbukların 799 ABŞ dollarından başlayan qiymətlərlə yay aylarında satışa buraxılacağı gözlənilir.
Nvidia təqdim etdiyi yeni videokartların imkanlarını nümayiş etdirən videoçarx paylaşıb. Həmin videoçarxda fərqli müasir oyunlarda qeydə alınan müqayisəli FPS göstəriciləri yer alır. Buradan aydın olur ki, DLSS texnologiyası hesabına FPS göstəriciləri xeyli artır.