Bir neçə gün sonra başlayacaq “Apex Legends: Emergence” sezonunun qeympley treyleri təqdim olunub
“Apex Legends” oyununun sayca 10-cu sezonu “Emergence” özü ilə bir sıra yeniliklər də gətirəcək. 3 avqust tarixində oyuna yeni silah “Rampage LMG” pulemyotu, “Seer” adlı personaj və ya başqa sözlə əfsanə əlavə olunacaq və eləcə də oyun xəritəsində genişmiqyaslı dəyişikliklər baş verəcək. Oyun təyin olunmuş tarixdə bütün platformalar üçün (PC, PS4 / PS5, Xbox One, Xbox Series X|S və Nintendo Switch) yenilənəcək.
10-cu sezonun başlamasına bir neçə gün qalmış Respawn Entertainment bütün sadalanan yenilikləri özündə ehtiva edən qeympley treyleri təqdim edib:
Yeni “Rampage LMG” pulemyotu EA saytının “Apex Legends” oyununa aid bölməsində bu sözlərlə təsvir olunur:
Meet Rampart’s newest invention, the Rampage LMG, with a surprising source of firepower.
“Rempartın ən yeni ixtirası ilə tanış olun. İnanılmaz atəş gücü mənbəyinə malik olan Rampage LMG”. Qeyd olunanlardan aydın olur ki, silah xəsarət və ya zərər yetirmək üçün xeyli potensiala malikdir.

“Seer” personajının da digər “Apex Legends” əfsanələri kimi xüsusi bacarıqları var. Bu əfsanənin oyun stili gizli oyuna (stealth ing.) bağlıdır. Onun bacarıqları da məhz oyun stilinə əsaslanır. Belə ki, “Seer” öz dronları vasitəsilə olduğu məkanı skan etməyi və rəqibləri ürək döyüntüsü ilə aşkar etməyi bacarır. Yeni əfsanə ilə əlaqəli tam dolğun anlayışa sahib olmaq üçün isə onu mütləq yeni sezonda sınamaq lazımdır. Yeri gəlmişkən onu da qeyd edək ki, 19 iyul tarixində Respawn Entertainment ənənəvi olaraq bu personaj üçün də hekayə treyleri paylaşıb.